Asim Mollazadə “Elm haqqında” qanun layihəsinə təkliflər verdi

18:14 | 25.12.2014
Asim Mollazadə “Elm haqqında” qanun layihəsinə təkliflər verdi

Asim Mollazadə “Elm haqqında” qanun layihəsinə təkliflər verdi

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında "Elm haqqında” qanun layihəsinə dair fikirlərini açıqlayıb. Millət vəkili qanunda dövlətin elm siyasətinin həyata keçirilməsinə məsul olan qurumun adının konkret yazılmasını təklif edib: "Biz dünya təcrübəsini Azərbaycana gətirməliyik. Əgər Elmlər Akademiyasının Azərbaycan elminin inkişafında bir rolu olubsa, onda qanuna konkret yazaq ki, Azərbaycan dövlətinin elm siyasətini Elmlər Akademiyası icra edəcək”.

DİP sədri müstəqillik illərində Azərbaycanın bir sıra institutlarının universitetlərə çevrildiyini, lakin onların elmi mərkəzlər olaraq özlərini doğrultmadıqlarını vurğulayıb: "Sovet dövründə Azərbaycanda sözün tam anlamında bir universitet vardı - Bakı Dövlət Universiteti. İndi biz institutların bazası əsasında yaranmış digər universitetlərin də səviyyəsini qaldırmalıyıq. Bu elm sahəsi üçün çox önəmlidir. Bu gün Azərbaycanda həm Neft Akademiyası, həm də Ali Neft Məktəbi var. Azərbaycanda neft, neft-kimya, geologiya ilə əlaqədar məktəblər tarixən olub. Amma bu gün elə etməliyik ki, bu ali məktəblər elmi mərkəzlərə çevrilsinlər. Onlar neftlə, müasir texnologiyalarla bağlı yüksək elmi nailiyyətlər əldə edə və bunu dünyaya yaya bilsinlər”. Millət vəkilinin fikrincə, Azərbaycan dövləti öz elm siyasətini gəlirlərlə əsaslandırmalıdır: "Bakıda dünya səviyyəli xalçaçılıq muzeyi var. Bu muzey həm də xalçaçılıqla bağlı bir elm mərkəzi olmalıdır. Onun elmi fəaliyyəti onun gəlirlərinin ciddi bir hissəsi ola bilər. Xalqımıza müasir səviyyədə elm lazımdırsa, biz konkret dövlət strategiyasını müəyyənləşdirməliyik”.

A.Mollazadə Azərbaycanda çap olunmuş elmi məqalələrin, aparılmış elmi tədqiqatların nəticələrinin dünya səviyyəsinə çıxarılmasını təşkil etməyin vacibliyinə də toxunub. Həmçinin təəssüflə bildirib ki, dünya universitetlərinin reytinq cədvəllərində Azərbaycan universitetləri ürəkaçan mövqedə deyil. Bakı Dövlət Universitetinin reytinqi isə Azərbaycan Elmlər Akademiyasının reytinqindən yüksəkdir. Bu isə o deməkdir ki, Elmlər Akademiyasının bir sıra institutlarının elmi nailiyyətləri yoxdur. Odur ki, qanunda müəyyən edilməlidir ki, elmin məsuliyyətini universitetlərin üzərinə qoyuruq, yoxsa Elmlər Akademiyasının. Ya da onların vəzifələri konkret müəyyənləşdirilməlidir. "Buz büdcədən vəsait ayırarkən ümumilikdə elmə ayırırıq. Amma dəqiq göstərilməlidir ki, vəsaitlərin hansı hissəsi Elmlər Akademiyasına, hansı hissəsi universitetlərə ayrılır. Həm də dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərə nəzarət olunmalıdır. Biz real nəticələrə əsaslanaraq görməliyik ki, bu vəsaitlər elm sahəsində kardinal dəyişikliklərə gətirib çıxarırmı?” – deyə millət vəkili bildirib. 

DİP sədrinin fikrincə, elmə ayrılan vəsaitlər o zaman özünü doğruldur ki, elmi tədqiqatların nəticələri istehsalata tətbiq olunsun və gəlir gətirsin. Yaxud da hansısa sahənin inkişafına töhfə versin. "Biz dövlətin ayırdığı böyük vəsaitlərin köməyilə kosmik sahədə inkişafa nail ola bilərik. Yaxud da, kənd təsərrüfatı sahəsinə aid elmi tədqiqatların müsbət nəticələri bu sahəyə tətbiq edilə, böyük gəlirlər gətirə bilər. Ona görə də biz qanunda elmin məsuliyyətini üzərinə qoyduğumuz müəssisədən tutmuş gözləntilərimizə qədər hər şeyi dəqiq qeyd etməliyik” – deyə A.Mollazadə fikrini yekunlaşdırıb.   

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM