Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir"

12:10 | 03.12.2014
Asim Mollazadə:

Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir"

"Maddi imkanım məmurlarla müqayisə olunmayan dərəcədədir”
 
 
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin "Qafqazinfo”ya müsahibəsi:

- Partiyanız bələdiyyə seçkilərində hansı səviyyədə iştirak edəcək?

- Biz bu seçkiləri önəmli hesab edirik. Hər bir dövlətin demokratik inkişafı təməldən başlayır. Bizim irəli sürdüyümüz namizədlər MSK tərəfindən qeydə alınandan sonra seçki kampaniyasında fəal iştirak edəcəyik. Biz çalışdıq ki, bu seçkidə gənc xanımları önə çəkək.

- Ölkənin bir neçə sahəsində son vaxtlar xanımlar önə çəkilir. Bu bir kampaniyadırmı?

- Mən ümidvaram ki, bu kampaniya deyil. Əslində bu Azərbaycan dövlətinin dəyərləri ilə bağlı olan bir amildir.

- Pulsuz efir vaxtı ala biləcək qədər namizədiniz olacaqmı?

- Görək də. Bu da olmasa, partiyamızın imkanları var ki, təbliğat kampaniyasında daha fəal olsun. Bələdiyyə seçkilərinin fərqi odur ki, seçki kampaniyası zamanı yerli televiziyalara üstünlük verilməsi kampaniyanı daha effektiv edir. Çünki bu seçkilər müvafiq bölgələrlə bağlıdır. Partiyamızda orta və xırda biznesmenlər olduğuna görə çalışacağıq ki, yerli televiziyalardan efir alaq.

- Gələn ilki parlament seçkiləri ilə bağlı planlarınız nədir?

- Düşünürük. Hələ vaxtımız var və çalışacağıq o vaxtdan səmərəli istifadə edək.

- Təkrar namizəd olacaqsınızmı?

- Hələ bu barədə danışmaq tezdir.

- Parlamentin 2015-ci il üçün proporsional sistemə keçəcəyi haqda məlumatlar yayılır. Növbəti parlament seçkiləri ilə bağlı gözləntiləriniz nədir?

- Mən düşünmürəm ki, referendum yoluyla hansısa konstitusion dəyişikliklər olsun. Ümidvaram ki, Azərbaycan parlamentində qadınların rolu daha artıq olacaq. Çalışırıq ki, həmfikirlərimizin və qadınların sayı parlamentdə çox olsun.

- Beynəlxalq təşkilatlar tez-tez Azərbaycanı qınayan bəyanatlar verir və hökumət də bunu qəbul etmir. Bu məsələlərdə Azərbaycanın günahı nədir?

- Hər bir postsovet ölkəsində olduğu kimi Azərbaycanda da insan haqları və demokratiyanın Qərbdəki səviyyədə olmasını tələb etmək təəccüb doğurardı. Bunun üçün zamana ehtiyac var. Cəmiyyətin bu istiqamətdə inkişafına lazımdır. Bundan başqa, Azərbaycana qarşı çox ciddi işlər aparılır. Kimlər aparır? İlk növbədə erməni diasporu. Onlar çalışır ki, Azərbaycanı barbar ölkə kimi tanıtsınlar. Erməni təşkilatları çox ciddi maliyyə və siyasi imkanlara malikdirlər.

Əlbəttə, Azərbaycanda da problemlər var. Amma Ermənistanda prezidentliyə namizədə güllə atıblar, əsas müxalif namizədlər onlara edilən haqsızlıqlarla bağlı mitinqlər keçiriblər. Bunları heç kim görmür. Əvəzində "Ermənistanda demokratik prezident seçkiləri keçirilib” bəyanatı verilir. Azərbaycanla bağlı isə tam əks proseslərin baş verdiyini görürük. "Amnesty İnternational” Ukraynanı hərbi cinayətlərdə günahlandırır. Gürcüstana qarşı sanksiyalar məüyyənləşdirilir. Diqqətlə araşdıranda görünür ki, məhz GUAM ölkələri Avropa mühitində təzyiqlərə məruz qalır. Çox vaxt Rusiya ilə əməkdaşlıq edən, Ermənistanla bilavasitə bağlı olan siyasətçilər Azərbaycana qarşı bu üsullardan istifadə edirlər.

- Deyirsiniz GUAM-a daxil olan ölkələrə qərb tərəfindən təzyiq olunur. Bu ölkələrin hər birinin müəyyən ərazisi Rusiya tərəfindən işğal olunub. Qərblə də Rusiyanın münasibətləri bəllidir.

- Bu özlüyündə bizi düşünməyə məcbur edir ki, bu cür təzyiqlərin arxasında kimlər durur.

- Bəs Azərbaycan lobbisi niyə zəifdir?

- Avropada milyondan artıq erməni yaşayır, amma azərbaycanlıların sayı çox azdır. Buna bənzər vəziyyət ABŞ-da da var. 90-cı illərdin ortalarında Kaliforniyada ermənilərin yarım milyonluq icması var idi. İndi isə 1.5 milyondurlar. Ermənistanın bir növ hərbi baza olması və ağır iqtisadi durumda olması ermənilərin qaçıb diasporanı gücləndirməsinə səbəb olub. Azərbaycanlılarla yanaşı türk icmalarının da yaşadığı bölgələrdə siyasi proseslərə təsir imkanları yoxdur. Biz son illərdə məhz bunu qurmağa çalışırıq. Azərbaycanlılar öz vətənlərində yaşamağa üstünlük verirlər. Buna görə də xaricdə təmsilçiliyimiz çox zəifdir. Çalışırıq balansı bərpa edək, amma bunun üçün imkanımız çox azdır.

- Ermənistanla eyni vaxtda müstəqil olmuşuq. Necə olur ki, acından ölən ölkənin vətəndaşı xaricdə daha güclü olur?

- Ermənistan diasporu yüz illərlə formalaşıb və yaşadıqları ölkələrin çox zəngin elit mühitinə malikdirlər. Kaliforniyada milyarder ermənilər var. Argentinada ermənilər böyük mülkiyyətlərə sahibdirlər. Belə azərbaycanlılar Avropa və ABŞ-da yoxdur. Türkiyə və Azərbaycan Diasporası ilə Ermənistan diasporasını müqayisə edəndə görürük ki, onlar siyasi təşkilatlara böyük təsir etmək imkanına malikdir. Bununla yanaşı, artıq dünyada Azərbaycan dövlətinin önəmi artmaqdadır.

- Partiyanızın dövlətdən maliyyələşməsi sizi qane edirmi?

- Maliyyə imkanlarının az olması heç kimi qane edə bilməz. Amma mən bunu Azərbaycan dövlətinin düzgün addımı kimi qiymətləndirirəm.

- Maliyyələşdirdiyiniz media resurları çox məşhur olmağa çalışmırlar. Özünüz belə olmasını istəyirsiniz?

- Biz konkret olaraq kimisə maliyyələşdirmirik. Sadəcə gənc media mühitinin yaradılmasında maraqlıyıq. Bizim müstəqil medianın bir sıra nümayəndələri ilə çox müsbət münasibətlərimiz var. Sizin saytınız və rəhbəri ilə də belə münasibətlərimiz var. Biz istəyirik ki, Azərbaycan mediası hansısaoliqarxların əlində və mübarizəsində istifadə edilən vəsaitə çevrilməsin. Hansısa saytların mübarizəsinə qatılmırıq, hər bir gənc jurnalisti dəstəkləməyə çalışırıq.

- Redaksiyaların partiya qərargahında yerləşməsi də bu dəstəklə bağlıdır?

- Bununla bağlıdır. Biz partiyada media qurumları və digər ictimai təşkilatlar, xüsusilə xanımların birlikləri üçün şərait yaradırıq. Ən əsas məsələ odur ki, bizdən heç bir asılılıqları olmur.
 
 - Sanki daha çox parlament iclaslarında ölkədə olursunuz. Passiv görünürsüz. Fəaliyyətiniz ölkə xaricində, yoxsa daxilində daha aktivdir?

- Təbii olaraq ölkə daxilində. Bizim əsas işimiz seçki dairəsindədir. Bizim işimiz həm də Azərbaycanın xarici siyasəti ilə bağlıdır. Buna görə də tez-tez səfərlərdə oluram. Ay ərzində daha çox ölkədə oluram, nəinki xaricdə.

- QHT sektorunda həbslər baş verdi. Siz hər hansı bir reaksiya vermədiniz.

- Onların hələ istintaqı davam edir, heç məhkəmələri başlamayıb. Buna görə də mən hansısa fikir bildirməyi düzgün hesab etmirəm. Biz tələb edirik ki, hüquq-mühafizə orqanları məsələ barədə ictimaiyyəti tez-tez məlumatlandırsın. Mən bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, bolşevik ənənələrinə uyğun olaraq "mənimlə olmayan düşmənimdir” yanaşması var. Azərbaycanda da belə halla rastlaşırıq ki, siyasi partiyalar bir-birinə düşmən kimi baxır. Bəzi siyasi partiyaların fəaliyyəti hansısa insan haqları təşkilatının fəaliyyətinə bənzəyir. Ölkənin inkişafına təkan verəcək müzakirələrin əvəzinə, ağlaşma qurulur, Kərbəla faciəsinə həsr olunmuş şəbihlərə oxşar müzakirələr aparılır. Siyasi partiyalar öz dövlətlərinə loyal olmalıdırlar.

- Azərbaycanda insan haqlarının müdafiəçisi kimi daha çox AXCP və Müsavat çıxış edir.

- Mən istəmirəm dediklərimdən digər rəqibləri onlara qarşı istifadə etsin.

- Bir zamanlar "Dalğa” və Azərbaycan Avropa Hərəkatına dəstək verirdiniz. İndi o gənclər sizdən uzaqlaşıbmı?

- Gənclər uzaqlaşmayıb, sadəcə yaşlaşıblar. İndi yeniləri ilə əvəzlənirlər.

- Azərbaycanda deputatların icra başçılarından asılı olması nə dərəcədə düzgündür?

- Bizim belə bir problemimiz yoxdur. Amma məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir. Dəfələrlə bunun şahidi olmuşuq ki, məmurlar vətəndaşların problemlərinə laqeyd yanaşırlar. Prezident də düzgün demişdi ki, harınlamış məmurların özbaşınalıqları əhalidə haqlı narazılıq yaradır. Bunu dəyişmək üçün də çoxlu işlər görməliyik.

- Azərbaycan məmurlarının kobud olmasının səbəbi nədir?

- Bunu bütün məmurlar haqda deməyi düzgün saymıram. Yüksək mədəniyyətə malik olan məmurlar da, köntöy mədəniyyəti olan məmurlar da tanıyıram. Buna görə də təhsil və mədəniyyət istiqamətində dövlətimiz çox işlər görməlidir.

- Mədəni davranan məmur nümunəsi olmaq istəyərsinizmi?
 
 
- Mən özümü olduğum yerdə yaxşı hiss edirəm.

- Məmurlarımız adətən ailələri ilə diqqət mərkəzində olurlar. Sizin ailəniz haqda məlumat verməyinizi istərdik.

- Əslində mən ailə həyatımın ictimailəşməsinin əleyhinəyəm.

- Amma düzgün məlumatların verilməsi daha yaxşı olardı.

- Mənim ailəm də normal bir ailədir. Yoldaşım həkimdir. Qızım peşə üzrə jurnalistdir, ictimai əlaqələr üzrə mütəxəssis kimi çalışır. Nəvəmin 5 yaşı var, öz üzərində çox çalışır. Musiqi ilə, idmanla məşğul olur. Mən elə bir yaşdayam ki, sərbəst vaxtım olanda ən çox diqqətimi cəlb edən nəvəm olur.

- Qızınızın xaricdə, yoxsa Azərbaycanda oxumasına üstünlük verdiniz?

- Bilirsiniz, mənim maddi imkanım bizim məmurlarla müqayisə olunmayan dərəcədədir. Qızım özü çalışaraq müvafiq təqaüdü qazanaraq təhsilini xaricdə davam etdirib. Təhsilini başa vurduqdan sonra da qayıdıb ölkədə işlədi. Artıq əksər gənclərimiz xaricdə yüksək yerlər tutmağa başlayıblar. Bu məmur "papa”ların gül balaları çox vaxt rəqabətdə istedadlı uşaqlara uduzurlar.

- Prezident İlham Əliyev deputat olduğu zaman Avropa Şurasında birgə fəaliyyət göstərirdiniz, müəyyən əlaqələriniz var idi. Hazırda o münasibətlər qalırmı?

- O vaxt biz birlikdə Azərbaycanı təmsil edirdik. Mən müxalifətin, o isə iqtidarın təmsilçisi idi. Onda biz məsləkdaş idik. Fikir ayrılığımız olmasına baxmayaraq, Azərbaycanın maraqlarını qorumağa çalışırdıq. İndi isə əlaqələrimiz yoxdur. Dövlət başçısı ilə millət vəkilinin hansısa əlaqələrindən, yaxınlığından danışmaq düzgün olmaz.
 
Qafqazinfo.az
 




 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM