Asim Mollazadə: "Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya göstərməliyik"

12:45 | 07.03.2014
Asim Mollazadə: "Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya göstərməliyik"

Asim Mollazadə: "Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya göstərməliyik"

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam Əşrəf Heybətin yubileyinə həsr edilmiş şəxsi sərginin açılışı olub.Rəssamı bu əhəmiyyətli hadisə münasibətilə təbrik etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, nazir müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, həmçinin rəssamlar, dostlar və yaxınları gəlmişdilər.Öz çıxışında DİP sədri Asim Mollazadə rəssamın Azərbaycan mədəniyyətinin Avropada təbliğatı istiqamətində verdiyi töhfələrdən bəhs edib: "Hər ölkənin öz missiyası var. Azərbaycan xalqının strategiyası həmişə bütün dünyaya bizim zəngin mədəniyyətimizi və milli dəyərlərimizi nümayiş etdirmək cəhdindən ibarət olub. Fəxr edirəm ki, Əşrəf Heybət kimi istedadlı rəssam, bizim mədəniyyətimizi Avropa ölkələrində təmsil edir. Mən tədbirin təşkilində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Əminəm ki, belə xarakterli tədbirləri Avropa Parlamentində, Strasburqda, Cenevrədə, BMT sarayında keçirmək lazımdır. Bu tədbirlərin köməyi ilə biz bütün dünyaya Azərbaycan mədəniyyətinin zənginliklərini göstərməliyik”. A.Mollazadə tanınmış rəssamın yaradıcılığının üstünlüklərindən danışıb: “Əşrəf müəllim bütün dünyanı Böyük İpək yolunda olan ölkələrin mədəniyyətləriylə tanış edir. Bu gün Azərbaycan xalqının missiyalarından biri Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirməkdir. Azərbaycan təsviri incəsənət, musiqi və mədəniyyətin digər sahələrində dünya mədəniyyətinin sintezində iştirak edir. Mən Əşrəf müəllimi yubileyi və şəxsi sərgisi münasibətilə ürəkdən təbrik edirəm. Bizim partiyamızın əsas missiyası - Avropaya inteqrasiyadır. Mən əminəm ki, gələcəkdə Əşrəf müəllim, siz Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaqda davam edəcəksiniz".ANN.Az-a açıqlamasında deputat qeyd edib ki, belə sərgilər həmişə Azərbaycan xalqının mədəniyyətinin və istedadının göstəricisidir: "Biz Əşrəf Heybətin işlərinə baxarkən görünür ki, onun sənəti Avropa və Asiya ölkələrinin və ən əsası, həmişə başlanğıc olan və digər qitələrin mədəniyyətlərinə hopan Azərbaycan mədəniyyətini özündə birləşdirir. Ona görə də mən hesab edirəm ki, bu, çox gözəl hadisədir. Bununla əlaqədar olaraq bu sərginin təşkilatçılarını təbrik edirəm və ümid edirəm ki, biz bu işləri Avropada və beynəlxalq təşkilatlarda nümayiş etdirməyə güc tapacağıq".Rəssam hazırda Almaniyada, Mayntsda yaşayır, 1997-ci ildə orada "Bakı" Azərbaycan mədəniyyəti Cəmiyyətini yaradıb. O, əsərləri Cenevrədə BMT sarayında, Rumıniya Prezidenti sarayında, NATO qərargahında, İordaniya kral sarayında, Lüksenburq hersoqunun iqamətgahında, Vatikan dəftərxanasının sarayında, həmçinin Maltanın məşhur salonlarında nümayiş olunan ilk Azərbaycan rəssamıdır. Türk dünyasının mövzusu – Əşrəf Heybət yaradıcılığının əsas istiqamətlərindən biridir. Almaniya, Türkiyə, İsveçrə, Belçika, Malta kimi ölkələrin şəhərlərində şəxsi sərgiləri keçirilmişdir. Monumental və dəzgah rəsmi, qrafiklər sahəsində işləyir. Rusiya, Almaniya və Azərbaycanda monumental pannonun müəllifidir. Dəzgah əsərləri Azərbaycan mədəniyyət Nazirliyinin, Bakı və Kokçetave incəsənət muzeylərində, həmçinin ölkə xaricindəki şəxsi kolleksiyalardadır. Moskva rəssamlar ittifaqının üzvüdür.Rüstəm Qasımov
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti