Asim Mollazadə: "Müharibəyə isti yanaşmıram" - MÜSAHİBƏ

16:13 | 04.08.2014
Asim Mollazadə: "Müharibəyə isti yanaşmıram" - MÜSAHİBƏ

Asim Mollazadə: "Müharibəyə isti yanaşmıram" - MÜSAHİBƏ

Asim Mollazadə: “Ermənistan hərbi cinayətkarların əlində olan dövlətdir” 

İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni silahlı qüvvələri cəbhənin Ağdam və Tərtər istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirməyə cəhd edib. Nəticədə ciddi döyüşlər gedib və Azərbaycan ordusu mövqelərdən geri çəkilməyərək ondan çox şəhid verib. Cəbhədə vəziyyətin gərgin olduğu artıq göz önündədir. Bəzi mütəxəssislər hətta müharibənin başlaya biləcəyini bəyan edirlər. Bu istiqamətdə suallara Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə cavab verib. Müsahibimiz həmçinin İsrail-Fələstin münaqişəsi haqqında da fikirlərini açıqlayıb. 

- Asim bəy, artıq neçə gündür ki, İsrail Fələstinlə faktiki müharibə aparır, Qəzza daxil olmaqla Fələstin ərazilərini bombalayır. Bu faktı necə şərh edirsiniz? 

- Bilirsiniz ki, bu hadisələr Həmasın raket bombardmanından sonra başlayıb. Bundan sonra İsrail hərəkətə keçib. Nəticədə hər iki tərəfdən günahsız vətəndaşlar dünyasını dəyişib. Mülki əhalinin ziyan çəkməsi, bir çox hallarda həlak olması böyük faciədir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, aparıcı dövlətlər daha çox iş görməlidir ki, sülh əldə olunsun. İkincisi, bildiyiniz kimi, Misir tərəfindən sülh təklifi irəli sürülüb. Tərəflər bunu həyata keçirməlidir. Təəssüflər olsun ki, Həmas bu təklifləri qəbul etmir. Ümid edirəm ki, yaxın günlərdə beynəlxalq ictimaiyyətin təzyiqləri vasitəsilə sülh əldə olunacaq. 

- Ümumiyyətlə, İsrail-Fələstin probleminin kökləri nə ilə bağlıdır? 

- Bu, uzun illərin problemidir və müxtəlif illərdə qarşıdurmalar müşahidə olunur. Mənə elə gəlir ki, dünyəviliklə din arasında problemlər var. Eləcə də, demək olar ki, bir sıra dinlər arasında da problemlər olur. Son vaxtlar xaricdən də bu məsələlər qızışdırılır. Həm də nəzərə almalıyıq ki, Fələstinin daxilində də müəyyən problemlər var. Bildiyiniz kimi, indi Fələstində Həmas və Fələstin Azadlıq Təşkilatının koalisyon hökuməti mövcuddur. Bəzən narazılıqlar və fikir ayrılıqları yarananda qruplardan biri məsələni başqa müstəviyə çəkir, bu yolla onun həllinə nail olmaq istəyir. Əslində, çox istərdik ki, bu bölgədə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Eləcə də, beynəlxalq ictimaiyyətin iradəsi tolerant olsun. İsrail müstəqil dövlətdir. Fələstin də dövlət vəziyyətinə gəlməlidir. Bununla da məsələnin həlli tapıla bilər. Sadəcə olaraq, kənardan vəziyyəti bir qədər də qızışdırmaq istəyən qüvvələr çalışırlar ki, bu proses danışıqlar masasında olmasın. Əslində isə problemin həlli tərəflərin masa arxasında danışıqlar aparmasından keçir. Bu proseslər bilavasitə beynəlxalq ictimaiyyətin müşahidəsi altında həyata keçirilməlidir.  

- Minlərlə insan dünyasını dəyişib. Bunun günahı Fələstindədir, yoxsa İsraildə? 

- Bu hadisələr məhz Həmasın bombardmanından sonra başladı. Bu, həm də birinci hal deyil. Ancaq tərəflərin danışıqlar yolu ilə bu məsələləri həll etməsi daha məqbuldur. Mən bir daha əvvəlki fikrimi vurğulayaraq demək istəyirəm ki, çox güman, hansısa qüvvələr bu münaqişənin alovlanmasında və dərinləşməsində maraqlı olublar. İndi də bu marağın mövcudluğu istisna edilə bilməz. Baxın, Fələstində raketlər istehsal edilmir. Amma bu bölgədə raketlərin olması öz-özlüyündə göstərir ki, bölgədə kimlərsə münaqişənin alovlanmasında maraqlı tərəfdir. Bu isə yolverilməzdir. Çünki bu silahlar mülki insanları məhv edir, yüzlərlə uşağın həyatına son qoyur. Əlamətlər göstərir ki, bu, həm də xaricdən qaynaqlanan və həm də xaricin maraqlarına xidmət edən bir prosesdir.  

- Söhbət hansı qüvvələrdən gedir və burada maraq nədən ibarətdir? 

- Bir sıra qüvvələr var ki, bunda maraqlıdır. Hazırda Suriyada, Əfqanıstanda, İraqda, Liviyada və hətta Afrika ölkələrində münaqişələr var, davam edir, insan tələfatına səbəb olur. Deməli, bu münaqişələrdə maraqlı olanlar var və burada həm də müsəlmanların terrorist olduğu görüntüsünü yaratmaq istəyirlər. 

- Ancaq hər kəs bilir ki, dünyada yaşanan münaqişələrin arxasında ya Amerika, ya da Rusiya çıxır... 

- Hazırda İsrail-Fələstin münaqişəsi, müharibənin aparılmasında Amerikanın maraqları yoxdur. Bu, açıq-aydın görünür. Vaşinqton bölgədə sabitliyin olmasında maraqlıdır. Odur ki, biz burada digər qüvvələrdən danışa bilərik. Əlbəttə, mən onları açıqlamaq niyyətində deyiləm. Sadəcə olaraq, xəritəni qarşıya qoymaqla onları müəyyən etmək olar. Onlar, doğrudan da, belə münaqişələrdə maraqlıdır. - Demək istəyirsiniz ki, münaqişə olan bölgələrdə Rusiyanın marağı və həm də təsiri var? - Bir sıra regional münaqişələrin həlli həm də ona görə uzanır və baş tutmur ki, hansısa qüvvələrin bunda marağı var. Mən belə deyə bilərəm.

- Artıq Fələstinlə İsrail arasında müvəqqəti sülh razılaşması əldə edilib. Buna münasibətiniz necədir? 

- Bu, çox müsbət hadisədir. Atəşkəs nə qədər çox mövcud olacaqsa, deməli, bir sıra istiqamətlərdə əhaliyə daha çox humanitar yardımlar ediləcək. Hamını narahat edən amil məhz mülki əhalinin tələfatı, pis duruma düşməsi, adi gündəlik ehtiyacı olan ərzaq məsələsində çətinlik çəkməsidir. Bu, ciddi amildir və aradan qaldırılmalıdır. Atəşkəsin daha uzunmüddətli olmasına çalışmaq lazımdır. Müharibə yuxarıda qeyd etdiyim adi məsələlərin həllinə kömək deyil, problem yaradır.  

- Atəşkəsin uzunmüddətli ola biləcəyinə ümidlər varmı? 

- Ümidlərimiz var. Amma dünyanın müxtəlif qurumları, aparıcı beynəlxalq təşkilatlar, güc mərkəzləri bu münaqişənin sülh yolu ilə həllində daha çox işləməlidir. Biz münaqişənin həllini sülh danışıqlarında görürük. 

- Maraqlıdır, Türkiyə bu münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verirmi? 

- Türkiyə bunun üçün çalışır. Ancaq təəssüflər olsun ki, indiyə qədər heç bir ölkənin vasitəçiliyi ilə sülhə nail olunmayıb. Biz çox istərdik ki, Türkiyə də öz müttəfiqləri ilə birlikdə prosesdə fəal iştirak etsin.  

- Suriyada, Fələstində, İraqda, Ukraynada baş verən proseslər bir mərkəzdən idarə olunur? 

- Bunlar bir mərkəzdən idarə olunmur. Amma müəyyən qüvvələr var ki, onlar münaqişələrin olmasında maraqlıdır. Son zamanlar Amerika öz ordusunu İraqdan çıxardı. Daha sonra Əfqanıstanla bağlı bu prosesi həyata keçirdi. ABŞ ölkələrin daxili problemlərinə qarışmamaq xəttini yeridir. Bəlkə də, ola bilsin ki, bu ərazilərdən çıxarılan Amerika hərbçilərinin yerini başqa qüvvələr dolduraraq boşluğu aradan qaldırır.  

- Azərbaycan-Ermənistan arasında yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

- Son bir gündə baş verənlərdən mənim də məlumatım var. Bu, bir daha göstərir ki, Ermənistan təcavüzkar siyasətinə son qoymaq istəmir, bu siyasəti davamlı şəkildə həyata keçirir. Ermənistanda, əslində, dərin iqtisadi və sosial böhran mövcuddur. Ermənistan öz əhalisinin diqqətini daxili iqtisadi-sosial problemlərdən yayındırmaq məqsədilə hər zaman olduğu kimi, hərbi xarakterli addımlar atmağa çalışır. Bu, Ermənistanın işğalçı siyasətinin tərkib hissəsidir. Əlbəttə, son günlər Azərbaycanın 11 şəhid verməsi çox üzücü və ağrılı prosesdir. Mənə elə gəlir ki, Azərbaycan tərəfi dünyanın diqqətini bu məsələyə cəlb etməlidir. Və Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hər bir təxribatçı hərəkətlərinə "yox" cavabı verməlidir.  

- Azərbaycanın 11 hərbçisinin şəhid olmasından sonra mətbuatda müharibə çağırışları eşidilir. Buna münasibətiniz necədir?

- Ümidvaram ki, belə olmayacaq. Azərbaycan işğal nəticəsində böyük qurbanlar verməsinə baxmayaraq, müharibə yolunu seçməyəcək. Azərbaycan silahlı qüvvələrini gücləndirməlidir, lazım gələndə təcavüzkara layiqli cavab verməlidir. 

- Siz müharibənin əleyhinəsiniz? 

- Hazırda Azərbaycan bölgənin aparıcı dövlətidir. İkincisi, Azərbaycan bölgədə nəhəng, həm də dünyanın aparıcı dövlətlərinin marağında olan mühüm layihələri həyata keçirir. Bizim bölgədə əmin-amanlıq lazımdır. Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığı davam etdirməli, dünyada öz layiqli yerini tutmalı və möhkəmlənməlidir. İndi bizə bu daha vacib görünür. Eyni zamanda da ordumuzun döyüş qabiliyyəti gücləndirilməlidir. Mən müharibəyə isti yanaşmıram. 

- Ermənistan prezidenti Serj Sarkisyan iyulun 30-da bəyan edib ki, təmsil etdiyi dövlət sülh istəyir. Amma bundan bir gün sonra erməni silahlı qüvvələri cəbhənin Tərtər və Ağdam istiqamətində cəbhə xəttini yararaq ordumuzun mövqelərini ələ keçirməyə cəhd edib. Bunu necə anlamaq olar? 

- Ermənistan məsuliyyətsiz dövlət deyil, hərbi cinayətkarların əlində olan bir dövlətdir. Əlbəttə, cinayətkar hakimiyyət daxili problemlərdən diqqəti yayındırmaq məqsədilə belə əməliyyatlara rəvac verə bilərlər. Eləcə də, bu, xarici təsir nəticəsində də ola bilər. Ermənistanı idarə edən qüvvələrin bütün işləri qan və müharibə ilə bağlıdır. Ermənistanın addımları dünyaya bir daha sübut edir ki, onların dedikləri boş və yalandan başqa bir şeylər deyil. Bu ölkəni idarə edənlər hərbi cinayətkarlardır. Və onlar çoxlu sayda günahsız insan qətlə yetiriblər. Dünya bunu görməlidir. 

- Dünən cəbhədə baş verən bu faciəvi olaya ciddi beynəlxalq reaksiyalar gözləyirsinizmi?

 - Gözləyirik. Hesab edirəm ki, bu məsələyə qiymət verilməlidir. Azərbaycan fəal olaraq BMT, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər qurumlarla əməkdaşlıq edir. Və bu son insident də ciddi şəkildə qaldırılmalı və bu qurumlardan tələb olunmalıdır ki, ortaya mövqe qoysunlar. 

- ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz olduğu bir daha üzə çıxdı. Sizə elə gəlmirmi ki, nəticəsiz vasitəçilikdən imtina edilməlidir? 

- Baxmayaraq ki, ATƏT-in Minsk qrupu hazırda münaqişə ilə bağlı ciddi irəliləyişə nail olmayıb, amma fikrimcə, bundan imtina edilməməlidir. Fəaliyyətsizliyi mən də qeyd edirəm. Ancaq hələlik Minsk qrupunun alternativi görünmür. Hesab edirəm ki, Azərbaycan BMT başda olmaqla, bütün beynəlxalq qurumlarda bu məsələləri qaldırmalıdır. 

Nemət Hüseynli 

Teleqraf.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM