Asim Mollazadə tələbələrlə görüşdü - FOTOLAR

18:06 | 26.12.2013
Asim Mollazadə tələbələrlə görüşdü - FOTOLAR

Asim Mollazadə tələbələrlə görüşdü - FOTOLAR

Dekabrın 26-da Xarici Dillər Universitetində yerləşən Amerika Təhsil Mərkəzində “Demokratik inkişaf və tolerantlıq” mövzusu ətrafında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə tələbələrin görüşü keçirilib.

ANN.Az-ın məlumatına görə, görüşdə dünya sivilizasiyasında Azərbaycanın yeri və rolu, Azərbaycanda tarixi tolerantlıq ənənəsi və ölkəmizə qarşı qeyri-tolerant siyasət kimi məsələlər müzakirə edilib.

Amerika Təhsil Mərkəzinin layihəsi çərçivəsində gerçəkləşən tədbirin layihə rəhbəri tanınmış psixoloq Elmir Əkbər tədbiri açıq elan edərək tolerantlığın tibbdə heç də müsbət qarşılanmadığını bildirib: “Tibb sahəsini oxuyanlar yaxşı bilir ki, tolerantlıq heç də mənfi mikrobları öldürmür, onların davamlılığını daha da gücləndirir. Bu məsələ ilə bağlı olaraq dini sahədə problemlə qarşılaşmışam. Nədənsə biz həmin dini qüvvələrə qarşı tolerantıq, amma onlar bizə qarşı belə deyil”

Sonra söz tədbirin qonağı millət vəkili Asim Mollazadəyə verilib. A.Mollazadə çıxışına Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhvələri sadalamaqla Türk və İslam dünyasında öncül yer tutduğunu və lider dövlət olduğunu xatırladıb: “Türk və İslam dünyasının ilk qadın opera müəllifi, ilk balerinası, ilk pilotu və s. məhz Azərbaycan qadını olub. Bu baxımdan Azərbaycan Türk Dünyasında lider dövlətdir. Hələ 1897-ci ildə dahi Əli bəy Hüseynzadə Ziya Gökalpa məktub yazaraq ona türk olduqlarını və dövlətin adının Türkiyə adlandırılmasını təklif edir. Sonradan Mustafa Kamal Atatürk bu təklifi dəyərləndirir. Azərbaycan xalqının nümayəndəsi kimi bununla qürur duymalıyıq.

Tolerantlığı dözümlülük kimi qəbul edirlər. Yəni, qəbul etmirəm, amma dözürəm. Düşünürəm ki, tolerantlıq qarşılıqlı olmalıdır. Tarix boyu müxtəlif ölkələrdə incidilən etniklər gəlib Azərbaycanda məskunlaşıb. Almanlar, yəhudilər və s. Bu hal Azərbaycanda tolerantlıq ənənələrinin necə inkişaf etdiyinin göstəricisidir. Amma Azərbaycan xalqının hüquqları həmişə pozulub. Rus işğalı dövründə azərbaycanlılar hərbiyə çağrılmırdı, yüksək vəzifələr onlara həvalə olunmurdu. Yüksək vəzifələr ortodoks kilsəsində məlum əqidəni qəbul etdikdən sonra mümkün olurdu. Məhz həmin dövrdə Osmanlı və İrandan köçürülən ermənilər Azərbaycan torpaqlarında süni şəkildə məskunlaşdırıldı və nəticədə bufer zona yaradıldı. Bütün bunlar Azərbaycana qarşı haqsızlıq idi. 

Mən həmişə Türkiyədə olanda deyirəm ki, böyük imperiyanız, dövlətiniz ola bilər, amma heç bir zaman Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayeviniz olmadı və olmayacaq. Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin özəyi bəlkə də XX əsrin əvvəllərində qoyuldu. Çünki o zaman Azərbaycanın müxtəlif şəxsiyyətləri dünyanın aparıcı universitetlərində müxtəif dillərdə təhsil alaraq, Azərbaycanı Türk və İslam dünyasının düşüncə mərkəzinə çevirə bildilər. 

Din məsələsinə qaldıqda, mövcud hallar sosial problemlərdən doğur. Sosial problemi olanlar ümidsizliyə qapılır, ümidsizlər isə həmişə özünü dində tapır. Baxmayaraq ki, ciddi şəkildə pullar xərcləyirlər, Azərbaycan mədəniyyətini, onun tolerantlıq ənənələrini dağıdacaqlarına inanmıram. Xilasımız təhsil və mədəniyyətdədir”.

Tədbirin sonunda A.Mollazadə tələbələrin suallarını cavablandırıb və xatirə şəkilləri çəkilib.

Seymur

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM