Asiya İnkişafı Bankının (ADB) Azərbaycan üzrə 2014-2018-ci illər üçün Strategiyasının layihəsi 2014-cü ilin I rübündə, 2014-2016-cı illər üzrə Biznes-Plan isə gələn ilin yanvar ayında təsdiq olunmaq üçün Bankın Direktorlar Şurasına təqdim ediləcək.«APA-Economics»in xəbər verdiyi kimi, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bəyan edib. O.Noroyononun sözlərinə görə, Biznes-Plana uyğun olaraq, Azərbaycana illik orta hesabla 155 mln. ABŞ dolları səviyyəsində kreditlərin ayrılması nəzərdə tutulur. Sənəddə əks olunan layihələr artıq ölkə hökuməti ilə razılaşdırılıb, Strategiya üzrə isə müzakirələr davam etdirilir. Bank qarşıdakı illərdə yeni əməkdaşlıq istiqamətləri sırasında alternativ və bərpa olunan enerji, Bakı şəhəri nəqliyyat sisteminin təkmilləşdirilməsi layihələrini sənədlərə daxil edib. Qeyd edilir ki, yeni istiqamətlər üzrə artıq texniki yardımın göstərilməsi üçün qrantların ayrılması barədə qərarlar qəbul edilib. Bu il ərzində reallaşdırılan layihələrə gəlincə, O.Noroyono bəyan edib ki, ADB Ağcabədi və Naxçıvanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün 150 mln. dollar ayırıb, 160 mln. dollar miqdarında olan elektrik enerjisinin ötürülməsinin yaxşılaşdırılması layihəsi üzrə işləri başa çatdırıb və 2013-cü ilin sonunadək layihəni bağlayacaq. Həmçinin, «Accessbank»a mikro, kiçik və orta sahibkarlığa dəstək proqramı çərçivəsində 50 mln. dollar həcmində kredit ayırıb. Bununla yanaşı, Bank Yol şəbəkəsinin inkişafı Proqramı üçün Multitranş Maliyyələşdirmə Mexanizminin sonuncu, IV tranşı çərçivəsində Gəncə şəhərində dörd körpü və yerli yolların yenidən qurulması üçün 45 mln. dollar həcmində kreditin şərtlərini ölkə hökuməti ilə müzakirəsinə hazırdır. Eyni zamanda, ADB icrası başa çatmış 55 mln. dollarlıq Gəncə dolama yolu Layihəsinin qiymətləndirilməsini həyata keçirib və nəticələri uğurlu kimi dəyərləndirib. Ümumilikdə, O.Noroyononun sözlərinə görə, Bankın Azərbaycan üzrə kredit portfeli son üç il ərzində 500 mln. dollardan 1,2 mlrd. dollara qədər artıb. Qeyd etmək lazımdır ki, 2013-cü ilin yayında ADB öz təsnifatında Azərbaycanı «B» səviyyəsindən «C» səviyyəsinə, yəni orta gəlirli ölkələr sırasına daxil edib. Bu isə Bank tərəfindən həmin ölkələrə güzəştli kreditlərin verilməsinə təsir edir və bu kateqoriyaya aid edilən dövlətlərə qarşı adi maliyyələşdirmə şərtləri tətbiq olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !