Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və
investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk
iclası keçirilib. Ölkəmizi bu mötəbər qurumda Azərbaycan Sahibkarlar
Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib.
İclasın
açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və
Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi
Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd
Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay
Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri
Marat Sharshekeev çıxış ediblər.
TOBB-un rəhbəri
Rifat Hisarcıklıoğlu çıxışında "Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik”,
- deyib.
Qeyd edək
ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də
daxil olması gözlənilir.
ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan ilk gündən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılmasına dəstək verib: "Bu qurumun ölkələrimiz üçün faydalı bir təsisat olacağına inanıram. Hər birinizə bu yolda uğurlar arzulayıram”.
Keçirilən səsvermə nəticəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi Rifat Hisarcıklıoğluna həvalə edilib, baş katib isə Adem Kula seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !