Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günü qurumun Bürosunun iclası keçirilib.
APA-nın Avropa müxbiri xəbər verir ki, iclasda Ukrayna üzrə fövqəladə müzakirələrin keçirilməsi və Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının dondurulması, bu ölkəyə qarşı sanksiyaların tətbiqi məsələləri müzakirə olunub. Büro qərara alıb ki, Ukrayna üzrə fövqəladə müzakirələr qurumun 3-cü gün keçiriləcək plenar iclasında keçirilsin, Rusiyanın səsvermə hüququnun dondurulması məsələsinə isə 4-cü iş günü, səhər baxılsın.
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov ölkəsinin səsvermə hüququnun dondurulması məsələsinin müzakirəyə çıxarılmasının təsdiqlənəcəyi təqdirdə, Rusiya nümayəndə heyətinin assambleyanın plenar iclasını tərk edəcəyini bildirib: “Hesab edirəm ki, vəziyyət olduqca mürəkkəb olacaq, amma indi assambleyada ab-hava elədir ki, hesab etmirəm, Rusiyanın hüquqları ləğv olunsun. Çünki belə olduqda, bu, AŞPA ilə Rusiya arasındakı münasibətlərin müvəqqəti də olsa, bu ilin sonunadək tam qırılması deməkdir. Başqa sanksiyaların tətbiqinə gəldikdə, bu da Rusiyanın AŞPA “meydança”sından getməsinə səbəb ola bilər. Görünən odur ki, assambleyada Rusiya ilə dialoqun saxlanmasına tərəfdar olan çox böyük qüvvələr var və biz də bunun nə dərəcədə baş verəcəyini dördüncü gün qətnamə üzrə səsvermədə görəcəyik. Qətnaməni qurumun Monitorinq Komitəsi tərtib edəcək və bu gün qurumun iclasında bu məsələ üzrə məruzəçi də təyin olunacaq. Qətnamənin düzgün və obyektiv tərtib olunması məruzəçinin kimliyindən də asılıdır. Bildiyiniz kimi, Rusiyanın səsvermə hüququnun əlindən alınması təşəbbüsü əsasən britaniyalı parlamentar Robert Valterə məxsusdur. Əgər məruzəçi o olarsa, hesab edirəm ki, vəziyyət çox çətin ola bilər”.
ANN.Az