AŞPA missiyasından Azərbaycana səfərin yekunlarına dair bəyanat

15:52 | 23.09.2015
AŞPA missiyasından Azərbaycana səfərin yekunlarına dair bəyanat

AŞPA missiyasından Azərbaycana səfərin yekunlarına dair bəyanat


"AŞPA-nın monitorinqi altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin vəzifəsidir"

"AŞPA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır”.

APA-nın məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında deyilir.  Heyət 21-22 sentyabr tarixlərində seçkiqabağı vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycana səfər edib. Bəyanatda qeyd olunur ki, ATƏT DTİHB və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də bu missiya seçkilərin müşahidəsindən imtina edib: "AŞPA seçkiqabağı  missiyası AŞPA müşahidə missiyasının planlaşdırıldığı kimi, tam sayda müşahidə missiyasını həyata keçirməsində təkid edir, belə ki, AŞPA-nın monitorinqi altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan başqa, AŞPA seçki missiyasının final hesabatı həm seçkilərin aparılması ilə bağlı siyasi müzakirələr, həm də bu ölkənin parlamenti ilə institutsional dialoqun dəstəklənməsi baxımından assambleya üçün vacibdir”.

Sənəddə bildirilir ki, heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkilərindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir. Seçkiöncəsi missiya Mərkəzi Seçki Komissiyası tərəfindən parlament seçkilərinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılıb. Komissiyanın verdiyi məlumata əsasən indiyə kimi heç bir şikayət daxil olmayıb: "Parlamentə daxil olmayan müxalif partiya nümayəndələri bütün namizədlər üçün bərabər imkanın yaradılmasının, o cümlədən sərbəst şəkildə imzaların toplanmasına imkan yaradılması və hakim partiyanın xeyrinə olaraq administrativ resurslardan sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar”.  

AŞPA seçkiqabağı missiyası bir sıra əsas müxalif partiyaların öz seçilmək şanslarını gücləndirmək üçün siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb: "Seçki Məcəlləsi dövlət televiziya və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtının və dövlət tərəfindən maliyyələşən çap mediasında pulsuz yerin ayrılmasını nəzərdə tutur. Bu baxımdan AŞPA nümayəndə heyəti bütün seçki iştirakçılarına eyni şərtlərin və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün fikir azadlığı və azad medianın təmin olunmasının vacibliyini qeyd edir.
Azərbaycan rəhbərliyi AŞPA nümayəndə heyətinin əmin edib ki, səsvermə və səslərin sayılması prosesi daxil olmaqla, seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün vacib tədbirləri görəcək".

Nümayəndə heyəti Milli Məclisin sədri, xarici işlər naziri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların lider və nümayəndələri, parlamentdə təmsil olunmayan siyasi partiyaların lider və nümayəndələri, Mərkəzi Seçki Komissiyasının sədri, Bakıdakı diplomatik korpus nümayəndələri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşlər keçirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM