AŞPA məruzəçisi Qubad İbadoğlunu azadlığa buraxmağa çağırıb

20:50 | 24.08.2023
AŞPA məruzəçisi Qubad İbadoğlunu azadlığa buraxmağa çağırıb

AŞPA məruzəçisi Qubad İbadoğlunu azadlığa buraxmağa çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar məsələsi üzrə baş məruzəçisi Sünnə Evarsdottir (İslandiya) azərbaycanlı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.  Bu barədə Avropa Şurasının saytında dərc olunan məlumatda deyilir.

"Cənab İbadoğlu müstəqil iqtisadçı, siyasətçi və Azərbaycan hökumətinin tənqidçisidir. Onun akademik tədqiqatlarının bir hissəsi Azərbaycanın dövlət qurumlarında korrupsiyaya yönəlib. Qeyd edək ki, 2023-cü ilin iyununda cənab İbadoğlu azərbaycanlı gənclərin təhsili üçün fond yaradıb və bu fondun korrupsiyada iştirak etdiyi iddia edilən elitalardan müsadirə edilmiş ianələr və xarici aktivlər hesabına maliyyələşdiriləcəyini deyib”, - Evarsdottir bildirib.

İbadoğlunun iyulun 23-də a həbs olunması ilə bağlı xəbərlər onu "şoka salıb". "O, "mütəşəkkil qrup tərəfindən saxta pul hazırlamaq, əldə etmək və ya satmaq” maddəsi ilə ittiham olunub və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir.  Mən narahatam ki, ona qarşı ittihamlar onun aktiv fəaliyyəti ilə bağlıdır və siyasi motivlidir”, - AŞPA məruzəçisi qeyd edib.

İbadoğlunun saxlanma şəraiti də ciddi narahatlıq doğurur. "İbadoğlunun bu yaxınlarda ürəyindən əməliyyat olunmasına və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, onun pəhriz qidalarına çıxış imkanlarının məhdud olduğu və sürətlə arıqladığı bildirilir. Mən də onun həkimə müraciət edə bilməməsindən çox narahatam”, - Evarsdottir vurğulayıb.

O, Azərbaycan hakimiyyətini İbadoğlunu humanist saxlanma şəraiti, o cümlədən adekvat qida və tibbi xidmətlə təmin etməyə çağırıb. "Mən Azərbaycan hökumətini siyasi motivli ittihamların götürülməsi və onun dərhal azad edilməsinə nail olmaq üçün bütün lazımi addımları atmağa çağırıram”, - AŞPA-nın baş məruzəçisi vurğulayıb.
 
Rəsmi Bakı bu bəyanatla bağlı açıqlama verməyib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM