Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə "Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.
Bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə inşa edilmişdi. Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.
Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.
Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29.5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir.
Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.
Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.
Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da daxil olmaqla bütün tikinti quraşdırma işləri "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !