Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Ərçivan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində iki partlamamış hərbi sursat (bir ədəd 122 millimetrlik top mərmisi (OF-56-1) və bir ədəd 120 millimetrlik minaatan mərmisi (U-OF-43) aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar aşkar edilmiş mərmilər dekabrın 21-də zərərsizləşdirilməsi üçün götürülüb və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış mərmilərin ətrafında 1200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 21-dək 7541 partlamamış hərbi sursat, tank əleyhinə 204 və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5 milyon 919 min 167 kvadratmetr ərazi yoxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !