Ağsu aşırımında təhlükəli vəziyyət yaranıb - FOTOLAR

15:39 | 01.03.2014
Ağsu aşırımında təhlükəli vəziyyət yaranıb - FOTOLAR

Ağsu aşırımında təhlükəli vəziyyət yaranıb - FOTOLAR

Çökmə və sürüşmə halları intensivləşdiyindən avtomobillərin hərəkət zolağı xeyli daralıb, təhlükəli vəziyyət yaranıbBakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib, bəzi yerlərdə torpaq uçqunu və asfalt yolda böyük çatlar əmələ gəlib. Sürüşmə Ağsu aşırımının bir neçə yerində müşahidə olunur. Ağsu rayon Yol İstismar İdarəsinin iş icraçısı Eldar İsrafilov APA-ya verilən məlumata görə, son günlər yağan yağışlar aşırımlı yolda və dağlıq ərazidə torpaq sürüşməsini xeyli gücləndirib ki, bunun da fəsadlarını tam aradan qaldırmaq hələlik mümkün deyil. E. İsrafilov bildirib ki, hazırda Ağsu aşırımının 144, 147, 149, 150 və 152-ci km-ində torpaq sürüşməsi müşahidə edilir. Onun sözlərinə görə, mütəxəssislər Ağsu aşırımında mövcud torpaq sürüşməsinin daha da aktivləşməsinin əsas səbəbini yağıntının çox olması, eləcə də bu yolla “Shackman” və “KamAZ” markalı ağır tonnajlı yük maşınlarının intensiv hərəkət etməsində görürlər: “Yollarda böyük çatların əmələ gəlməsinə, dağlarda böyük sürüşmə zolaqlarının yaranmasına, yarğanların əmələ gəlməsinə baxmayaraq, hazırda 14 kilometrlik Ağsu aşırımı ilə yük maşınlarının hərəkəti davam edir. Bu yolda baş verən torpaq sürüşməsinin qarşısının alınması üçün iki il öncə Ağsu aşırımında ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, aşırımın aşağı və yuxarı hissələrində şlaqbaumların qoyulsa da, bir neçə vaxtdır, həmin şlaqbaumlar götürülərək, ağır tonnajlı avtomobillərin hərəkətinə şərait yaradılıb. Ağsu aşırımının yuxarı və aşağı hissələrində, yəni Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 142 və 156-cı kilometrliyində çəkisi 3.5 tondan yuxarı olan avtomobillər üçün yolun bağlı olduğunu göstərən nişanlar olsa da, buna məhəl qoyan yoxdur. Hazırda Ağsu aşırımının 10-a yaxın yerində böyük sürüşmə sahəsi mövcuddur və ağır yük avtomobillərinin həmin ərazilərdən intensiv keçməsi sürüşməni aktivləşdirir”. E. İsrafilov deyib ki, yola cavabdeh təşkilat olan Ağsu rayon Yol İstismar İdarəsinin əməkdaşları hər gün sürüşmə yerlərinə baxış keçirir, dağdan yola tökülən torpaq və daşları təmizləyir, yolun bağlanmaması və avtomobillərin hərəkətində məhdudiyyət yaranmaması üçün tədbirlər görürlər: “Yollarda təmir və bərkitmə işləri görülür, bir neçə yerə təhlükəni bildirən nişanları qoyulub, dumana görə yollara ağ xətlər çəkilib. Buna baxmayaraq, hazırda Ağsu aşırımında çökmə və sürüşmə halları intensiv olduğundan, torpaq axını isə bəzi yerlərdə yolu basdığından avtomobillərin hərəkət zolağı xeyli daralıb, təhlükəli vəziyyət yaranıb”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM