Ata terror qurbanı olan oğlu haqda: "Ona həsəd aparırdım"

14:05 | 30.04.2015
Ata terror qurbanı olan oğlu haqda:

Ata terror qurbanı olan oğlu haqda: "Ona həsəd aparırdım"

6 il bundan əvvəl paytaxtda baş verən hadisə ölkə gündəmini zəbt elədi. Tələbələrin, müəllimlərin bir terror qurbanı olduğu həmin hadisə nəticəsidə 12 nəfər qətlə yetirildi, 15 nəfər isə yaralandı.  Elm öyrədilən, bilik tədris olunan bir ocağı qana bulayan şəxs də sonda ölü ələ keçirildi.
 


Həmin hadisə zamanı terroçu ilə axıra qədər mübarizə aparan tələbələrdən biri  Savalan Cabbarov olub. Oğlunun fövqəladə vəziyyət zamanı göstərdiyi şücaətdən söz açan Allahverdi Cabbarov ANN.Az-a hadisənin baş verdiyi gün işdə olduğunu deyib: "Zəng edib dedilər ki, belə bir hadisə baş verib. Bu hadisə ilə əlaqədar tək təsəllim Savalanın axıra kimi mübarizə aparması, əlbəyaxa olması, amma təslim olmamasıdır. Bu həyatda heç kim ölümdən sığortalanmayıb. Hər insan bir gün bu dünyadan köçüb gedəcək. Hər insan ölümü hər an gözləyə bilər. Heç kim bilməz ki, bugün öləcək, ya sabah. Savalan da bizi qoyub getdi”. 
 
Atası Savalanı qeyri-adi bir insan olduğunu deyir: "Ata-bala münasibətimiz tamam ayrı idi. Dost idik, mən ona həyat yolu göstərirdim, o da mənən hər işimdə mənə gəlib öz məsləhətlərini verərdi. Özünü uşaq kimi yox, daha dərrakəli, yetişmiş bir şəxsiyyət kimi göstərirdi. Hələ uşaqlığından onun haqqında kimdənsə mənfi bir söz eşitmədim. Özünü hər yerdə - məktəbdə, dostları arasında çox mehriban, sadə insan kimi aparırdı. Hansısa artıq-əksik hərəkət eləməkdən özünü gözləyirdi. Həmişə hərəkətlərinə diqqət edirdi. Etiraf edim ki, ona həsəd aparırdım, çünki özüm heç uşaq vaxtı belə olmamışdım. Amma çox təəssüf ki, Savalanım bizi qoyub getdi”.  

Allahverdi Cabbarov onu da qeyd etdi ki, oğlundan yadigar qalan həm də yaxşı dostlarıdır: "Artıq hadisədən 6 il ötür, amma buna baxmayaraq hələ də tələbə yoldaşları onu yad edirlər”.
 
 

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının paytaxtın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən korpusuna silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər məhkum olunub - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov. Bu şəxslər terroru Fərda Qədirovla birgə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Mardun Qumaşyanın sifarişi ilə hazırlamaqda təqsirli biliniblər. Ağır Cinayətlər Məhkəməsi Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulova isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edib.



Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM