Avropa Birliyi Rusiya ilə vizaların dəyişdirilməsi barədə müzakirələri müvəqqəti dayandırıb, qurum həmçinin bu ölkəni aktivləri dondurmaqla hədələyir.
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əgər Rusiya Ukrayna ilə danışıqlara başlamasa, AB-Rusiya sammiti baş tutmayacaq.
AB ölkələrinin liderləri Rusiyanı mümkün olduğu qədər tez danışıqlara başlamağa çağırıb. "Danışıqlar yaxın bir neçə gün ərzində başlamalıdır və konkret nəticələr əldə olunmalıdır. Əgər konkret nəticə əldə edilməzsə, AB əlavə tədbirlər görəcək. Bunlara misal kimi, vizaların verilməsini, bank hesablarının dondurulmasını və Rusiya-AB sammitinin ləğv edilməsini göstərmək olar",- bunu AB-nin nümayəndəsi Herman van Rompey deyib.
ABŞ-da bir müddət əvvəl Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradan rəsmilərə və fiziki şəslərə viza sanksiyası tətbiq etmişdi. Siyahıdakı rəsmilərin ad və soyadları isə konkret göstərilməyib.
Rusiyanın xarici işlər naziri Lavrov açıqlamasında bildirib ki, Rusiya vətəndaşlarına qarşı hələlik "Qara siyahı" tətbiq edilməyib: "Gərginlik atmosferinin yaradılması üçün fasiləsiz iş görülür. Rusiya vətəndaşlarının ABŞ-a getməsini qadağan edən hansısa siyahılardan bəhs edilir. O (Con Kerri) bildirib ki, belə bir siyahı hələlik yoxdur, bu barədə göstəriş var, ancaq bu az şey deyil. Bu açıq-aydın təhdiddir, "Səkkizliklərin", Rusiya-NATO şurasının fəaliyyətinin dondurulması da açıq təhdiddir".
ANN.Az