Avropa Birliyi Türkiyə ilə qaçqınlara dair tədbirlər planını razılaşdırıb

09:48 | 16.10.2015
Avropa Birliyi Türkiyə ilə qaçqınlara dair tədbirlər planını razılaşdırıb

Avropa Birliyi Türkiyə ilə qaçqınlara dair tədbirlər planını razılaşdırıb

Aİ və Türkiyə qaçqınların Avropaya axınının dayandırılmasına dair tədbirlər planının razılaşdırmasını davam etdirəcəklər.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının Jan-Klod Yunker bildiriblər.
 
Almaniya kansleri Angela Merkel, öz növbəsində bildirib ki, konkret tədbirlər hələlik müəyyən edilməyib, danışıqlar davam etdirilir. 
 
O əlavə edib ki, Türkiyə miqrasiya probleminə 7 mlrd dollar sərf edib. Onun sözlərinə görə, Aİ bu istiqamətdə Türkiyə hökumətinə dəstək etməlidir.
 
"TASS”ın məlumatına görə, sammit miqrantların vətəninə qaytarılması üçün  Avropanın "Frontex” agentliyinə əlavə səlahiyyətlər verib. "Biz "Frontex” agentliyinin mandatını gücləndirmək qərarına gəldik. Yaxın aylarda agentlik daha funksional orqana çevriləcək. Bizim məqsədimiz  miqrantların vətəninə qaytarılması üçün   "Frontex”ə əlavə səlahiyyətlər verməkdir”, deyə Donald Tusk qeyd edib. 
 
Onun sözlərinə görə, Avropa Birliyi  sərhədlərin mühafizəsi istiqamətində "Frontex”in daha aktiv fəaliyyət göstərməsinə nail olmaq niyyətindədir. 
 
Yunkerin sözlərinə görə isə, Aİ qaçqınların Türkiyə ərazisində qalmasına dair Ankara ilə sövdələşməyə çalışacaq: "Ankara ilə danışıqlarımızın əsas məqsədi Türkiyə ərazisində olan  qaçqınların bu ölkənin ərazisində qalmasına nail olmaqdır. İkinci məsələ - qaçqınların qanunsuz daşınmasını həyata keçirən kriminal qruplarla mübarizədir”, deyə o qeyd edib.
 
Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, Aİ miqrasiya böhranı ilə mübarizədə tərəfdaşlıq naminə Türkiyə ilə vizasız rejimin hazırlanması prosesini sürətləndirməyə hazırdır. "Hər şey tamamilə açıq-aydın olmalıdır. Biz prosesi sürətləndirməyə hazırıq, lakin bütün meyarlar qüvvədə qalır, Avrokomissiya Türkiyənin hazırlıq səviyyəsini 2016-cı ildə dəyərləndirəcək”, deyə o vurğulayıb. 
 
Yunker qeyd edib ki, Aİ miqrasiya böhranı ilə mübarizə üçün Türkiyəyə ayrılacaq yardımın məbləğini hələlik müəyyən etməyib.  "Biz miqrasiya probleminin nizamlanması üçün Türkiyə ilə əməkdaşlığa dair tədbirlər Planının yalnız ümumi məzmununu razılaşdırmışıq”, deyə  Yunker qeyd edib.
 
Fransa prezidenti Fransua Olland isə sammitin ilk günün yekunlarını şərh edərkən Aİ sammitinin birliyin sərhədyanı ölkələrində miqrantların "çeşidlənməsi”  mərkəzlərinin yaradılmasını təsdiqlədiyini qeyd edib.
 
"Biz qaçqınların qəbulu və çeşidlənməsi üzrə mərkəzlərin yaradılmasını təsdiqlədik. Bu mərkəzlər onların qeydiyyata alınmasını, sığınacaq verilməsini və arzuolunmaz şəxslərin geri qaytarılmasını təmin edəcəklər”, deyə o qeyd edib.
 
Ollandın sözlərinə görə, bu cür mərkəzlərdən altısı artıq İtaliyada, bir neçəsi isə Yunanıstanda (Lesbos adasında) yaradılır.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM