Avropa İttifaqı Ermənistanla viza rejimini liberallaşdıra bilər

17:45 | 23.07.2024
Avropa İttifaqı Ermənistanla viza rejimini liberallaşdıra bilər

Avropa İttifaqı Ermənistanla viza rejimini liberallaşdıra bilər

Avropa İttifaqı Ermənistana Avropa ölkələrinə vizaların liberallaşdırılması üçün yaşıl işıq yandırıb. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib. 
 
"Aİ Şurası Ermənistanla tərəfdaşlığın gələcək inkişafına töhfə verəcək iki mühüm qərar qəbul edib. Biz ilk dəfə olaraq "Sülh naminə Avropa Aləti” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi barədə qərar qəbul etmişik. Biz Ermənistanla vizaların liberallaşdırılması ilə bağlı dialoqa başlamaq üçün yaşıl işıq yandırdıq", - Borell bildirib. 
 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvü, deputat Elman Nəsirli hesab edir ki, Avropa İttifaqının bu addımları Ermənistanı Rusiyadan daha da uzaq tutmaq məqsədi daşıyır. 
 
"Ermənistan Rusiya ilə srateji və hərbi müttəfiqlik siaysətini getdikcə tükəndirir. Rəsmi İrəvan üçün müttəfiq Moskva deyil, Vaşinqton və Parisdir. Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirtməklə bağlı niyyətini də ortaya qoyub. Görünür Moskvadan ciddi təziqlər oldu deyə bu niyyəti müəyyən müddət üçün təxirə saldı. Ermənistan Avropa İttifaqı ilə hətta üzvlüyə qədər münasibətləri inkişaf etdirmək istəyir. Bu konteksdə Rusiya ilə münasibətlər kifayət qədər qəlizləşib. Avropa İttifaqı da Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bir sıra addımlar atmaq qərarı verib. Viza rejiminin libberallaşdırılması, Ermənistana 10 milyon avronun verilməsi bunların səbəbidir. Niyyət bəllidir", - o bildirib. 
 
Nəsirli söyləyib ki, baş verən prosesləri Rəsmi Bakı diqqətlə izləyir. 
 
"Prezident dəfələrlə bildirib ki, bizim Avropa İttifaqına daxil olmaq niyyətimiz yoxdur. Heç orada bizi gözləmirlər də. Prezdient son çıxışlarında vurğulayır ki, ənənəvi ittifaqlar əhəmiyyətini itirir, yeni ittifaqlar yaranır", - deputat əlavə edib. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri müsbət xarakterizə oluna bilər, ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri Azərbaycana qarşı əsassız və vicdansız hücumlara başlayıb.
 
Hazırda Gürcüstan vətəndaşları Avropaya vizasız getmək hüququna malikdir. İndiki halda Avropa İttifaqı bu şəraiti Ermənistan vətəndaşları üçün də yaratsa Cənubi Qafqazda Azərbaycan Avropaya viza ilə gedən tək ölkə olacaq. 


Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM