Avropa İttifaqı mühacir böhranını həll etməyə çalışır

20:45 | 03.09.2015
Avropa İttifaqı mühacir böhranını həll etməyə çalışır

Avropa İttifaqı mühacir böhranını həll etməyə çalışır

Lüksemburqda Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək

Almaniya, İtaliya və Fransa Avropa İttifaqının (Aİ) üzləşdiyi mühacir böhranının həlli ilə bağlı Aİ-yə üzv dövlətlərə müraciət edib.

"Report" xəbər verir ki, bu haqda "Al-Jazeera" məlumat yayıb.
Sentyabrın 5-6-da Lüksemburqda Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

Aİ-nin təsisçisi olan üç dövlətin xarici işlər nazirləri - Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer, İtaliyanın xarici işlər naziri Paolo Gentiloni, Fransanın xarici işlər naziri Loran Fabius toplantı öncəsi birgə müraciət imzalayıblar. Həmin sənəddə Avropanın üzləşdiyi miqrant probleminin aradan qaldırılması üçün çıxış yolunun axtarılması istənilib.

Nazirlər qitəyə gedən miqrantların ədalətli şəkildə üzv dövlətlər arasında bölünməsinin zəruriliyini bildirib.

Həmin müraciət Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogeriniyə də göndərilib. Komissar "twitter" hesabında yazıb: "Mühacir böhranını təcili birlikdə həll etməliyik".

Qeyd edək ki, sentyabrın 14-də Brüsseldə Aİ-yə üzv ölkələrin daxili işlər və ədliyyə nazirlərinin miqrantların məsələləri üzrə iclası keçiriləcək.
İclasda əsas mövzulardan birinin "miqrantların qalması üçün təhlükəsiz ölkələr” siyahısının genişləndirilməsi olacağı gözlənilir.

Eyni zamanda, Avropa ölkələri ilin sonunadək qeyri-leqal miqrant və qaçqınların yerləşdirilməsi probleminin xüsusilə kəskin olduğu İtaliya və Yunanıstanda qaçqınlar üçün qəbul məntəqələri açmağı planlaşdırır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti