Ermənsistan hoküməti Azərbaycanla sərhəddə yerləşən Avropa İttifaqının mülki missiyası haqqında sazişi təsdiq edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Ermənistan Respublikası ilə Aİ arasında Aİ-nin Ermənistandakı missiyasının statusu haqqında sazişin ratifikasiyası haqqında” Ermənistan Respublikası qanununun layihəsi ilə bağlı Ermənistan Respublikası hökumətinin qanunvericilik təşəbbüsü təsdiq edilsin",- qərarda deyilir.
Qanun layihəsi hökumət tərəfindən təsdiqləndikdən sonra ölkənin əsas qanununa uyğunluğunun müzakirəsi üçün Konstitusiya Məhkəməsinə göndəriləcək və bundan sonra tam ratifikasiya üçün parlamentə təqdim olunacaq.
2023-cü ilin yanvarında Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !