“Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın DESFA şirkətinin 66%-nın satışı üzrə tender şərtləri prosesində iştirak edərkən hüquqi baxımdan bütün proseduraların hamısını mövcud qaydalara əsasən görüb”. Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Avropa komissiyasının SOCAR-ın yunan şirkəti DESFA-nın alınmasına dair sövdələşməsini təsdiqləməməklə bağlı elanını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, 2013-cü ilin mart ayında Avropa Komissiyası “Üçüncü Enerji” paketi adlanan bir qanun qəbul edib: “Buna əsasən neft və qaz hasil edən şirkət onu nəql edə və satışı ilə məşğul ola bilməz. Çünki belə hesab edirlər ki, bu, bazarda rəqabəti əngəlləyə bilər. Avropa Yunanıstan hökumətinin diqqətinə çatdırıb ki, DESFA-nın 66% səhminin Azərbaycanın Dövlət Neft şirkətinə satılmasının qarşısını alsın. ARDNŞ isə Yunanıstan hökumətinin nəzərinə onu çatdırır ki, qanun geri qayıtma qüvvəsi ilə işləmir. Çünki ARDNŞ sözügedən məsələ ilə bağlı proseduralarda iştirak edəndə heç bir enerji paketi mövcud deyildi. Bir neçə aydan sonra belə bir qanun qəbul ediləcəyindən Bakının heç xəbəri də olmayıb. Dövlət Neft Şirkəti bunun Yunanıstan hökuməti ilə rəsmi Brüssel arasındakı problem kimi qeyd edərək, ancaq problemin həllindən sonra işə başlayacaqlarını bildirib”. İlham Şaban məsələnin ikinci bir tərəfinin isə siyasi amillərlə bağlı olduğunu deyib: “Avropa öz bazarının diversifikasiyasında maraqlıdır. Bir sıra Avropa ölkəsinin qaz bazarı Rusiyadan tam, bəzilərinki isə qismən asılıdır. Avropa çalışmalıdır ki, məntiqlə bu asılılığı azaltsın. Ancaq biz reallıqda onu görürük ki, AB əslində buna cəhd etmir. Məsələn, Bolqarıstan Rusiya qazından 100% asılıdır. Ancaq AB Bolqarıstana vəsait ayırmır ki, Yunanıstanla aralarında qısa zamanda boru kəməri çəksin və Yunanıstan- Türkiyə boru xətti ilə Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstana da öz qazını 2016-cı ilə kimi sata bilsin. Bunu etmirlər və bu, çox maraqlı məsələdir. Digər bir maraqlı məqamın isə Avropa Komissiyasının Yunanıstanda qaz paylayıcı şəbəkə ilə Azərbaycana qarşı belə bir məsələ qaldırmasıdır”. Ekspert onu da qeyd edib ki, çox böyük bir təşkilat olan Avropa Komissiyası müxtəlif Avropa ölkələrini təmsil edən nümayəndələrdən təşkil olunub: “Təbii ki, burda Rusiyanın təsir dairəsində olan ölkələr də var. Yadınızdadırsa, bir müddət öncə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov qeyd etmişdi ki, İtaliyada TAP-la bağlı olan ekoloji problemlərin arxasında Rusiyanın maraqları durur. Buna görə də bu kimi məsələlər həqiqətən Bakını narahat edir. AB belə məsələlərdə Azərbaycana dəstək olmur, əvəzində ya loyal yanaşır, ya da ki, tam mənfi mövqe tutur”. Xatırladaq ki, Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyəcəyinə dair gözlənilməz elan verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !