Azərbaycanda avtomobillərdə mövsümlə əlaqədar istifadəsi qadağan edilən pərdə və plyonkalarla bağlı mövcud qərara dəyişiklik edilməyəcək.
Bu, iqlimdən asılı olan bir məsələdir. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Komitə sədri qeyd edib ki, məsələ ilə bağlı standart qəbul edilərkən, avtomobillərdə pərdə və plyonkaların birdəfəlik çıxarılması nəzərdə tutulurdu: «Lakin nəzərə alsaq ki, yay mövsümündə günəşdən qorunmaq üçün onlara ehtiyac yaranır, isti hava şəraitində onları istifadə etmək lazımdır. Amma qış vaxtı maşının içində kimdən gizlənirlər? Həm də bu mövsümdə günəş də az olur, ona görə də pərdə və plyonkalara ehtiyac yaranmır».
Xatırladaq ki, müvafiq qərara əsasən, Azərbaycanda mayın 1-dən noyabrın 15-dək avtomobillərin arxa yan şüşələrinə jalüzlərin vurulmasına icazə verilib.
ANN.Az