Polisin qanuni tələbinə əməl etməyənlər elə qanun çərçivəsində də cəzalandırılıblar. Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər. Bir neçə gün öncə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər.
anews.az ARB TV-yə istinadən xəbər verir ki, görüntülər avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə qeydə alınıb. Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy şəhər sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinmədilər. Hadisədən sonra ərazini tərk edən hər iki şəxs məsuliyyətdən yayınmağa çalışıblar. Ancaq Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan gənclər cəzadan yaxa qurtara bilməyiblər.
Seymur Quliyev - Gədəbəy Rayon DYP bölməsinin rəisi: "Gədəbəy şəhər sakini Bayramlı Pənah Ramiz oğlu və Ələkbərov Samir Fərhad oğlu sonuncuya məxsus "Toyota” Prado markalı, 99 FN 962 dövlət nömrə nişanlı avtomobillə polisin qanuni tələbinə əməl etməyərək, tədbir yerindən yayınıblar. Sonradan həmin şəxslər saxlanılaraq, barələrində rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tədbir görülüb”.
Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşmanlığını da gizlətməyib.
Pənah Bayramlı - saxlanılan şəxs: "Mən toyda içmişdim. Bilmirəm, necə oldu, bu hadisə baş verdi. Əməlimdən çox peşmanam”.
Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov, sadəcə, əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib.
Samir Ələkbərov - saxlanılan şəxs: "Mən ayıq olmuşam. Sadəcə, bir anlıq əsəbləşdim. İstəmədən oldu, çox peşmanam”.
İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmanlığı isə faydasız olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !