Axı biz qloballaşırıq... - KÖŞƏ

15:53 | 06.05.2014
Axı biz qloballaşırıq... - KÖŞƏ

Axı biz qloballaşırıq... - KÖŞƏ

Seymur HəsənliBir neçə il öncə internetdə bir erməni ilə tanış olmuşdum. Tanışlıq “xalq diplomatiya”sının işə salındığı dövrə təsadüf edirdi və qeyd edim ki, bu erməni Braziliyada yaşayırdı.
Uzun sözün qısası, ermənilərin işğalçı mahiyyətini sənədlərlə sübut edərkən, həmin erməni Dağlıq Qarabağ məsələsində Ermənistan hakimiyyətini suçladı və Azərbaycanı haqlı saydı. Həmin dəqiqə bəzilərinin “yaxşı erməni” yanaşması yadıma düşdü. Qeyd edim ki, erməninin bu addımı sosial şəbəkədə olan digər millətlərin nümayəndələri tərəfindən müsbət qarşılandı və hardasa günahkar daha çox mən elan olunurdum. Vəziyyətdən bu şəkildə çıxdım: ermənini başqa sosial şəbəkələrdə araşdırdım və məlum oldu ki, Braziliyada Dağlıq Qarabağdakı qondarma rejimə yardım üçün təşkil olunan marafonun əsas təşkilatçılarından biri məhz bu adamdır. Onun ifşa olunmağı öz yerində, həmin məsələni bu günə daşımağımın səbəbini açıqlamaq istəyirəm. O illərdən başlayaraq “xalq diplomatiyası” və başqa üsullarla ermənilərlə yaxınlaşmaq üçün böyük cəhdlər edilir. Kifayət qədər jurnalistlər, yazarlar, QHT nümayəndələri, hüquq müdafiəçiləri Ermənistana aparılır və ya Gürcüstanda görüşlər təşkil olunur. Hər il on minlərlə qrant məhz bu istiqamətdə xərclənir. Vaxtilə bu siyasət hökumət xətti ilə işə salındı. Adına da "xalq diplomatiyası" qoyuldu. Hətta bəzi ziyalılarımız gedib Şuşada ağladı da. O zaman "xalq diplomatiya"sına inananlar Qondarma Dağlıq Respublikasının prezidenti ilə də görüşmüşdülər. Zaman keçdi, deyəsən, hökumətimiz bu yanlış addımın mahiyyətini anladı. Zaman həm də həmin siyasətin hər hansı bir nəticəsinin olmadığını ortaya qoydu. Elə o zamandan bu istiqamətdə müəyyən ictimai təşəbbüslər meydana çıxdı. 
Azərbaycanda "www.publicdialogues.info" adında sayt fəaliyyət göstərir. İndiyə kimi müxtəlif sayt layihələri olub və Azərbaycandan kimlər ki, erməni marağına uyğun açıqlamalar verib həmin şəxslər bu layihələrdə yer alıb. Yeni tanış olduğum “ictimai dialoq” adlı saytda isə siyahı bir az da uzanıb. Məlumata görə, sayt son günlərin mətbuat qəhrəmanı “Yunus”lara məxsusdur. Nə deyəsən? Nə edəsən? Axı onların arxasında böyük dövlətlər və onların fondları, təşkilatları var. Qarabağda partizan müharibəsi elan edən gənclər həbs olunur və türmədə yatırlar. Nə göz önündə deyil? Sərhədsiz dünya yaratmaq istəyirsənsə, torpağın kimdə olmasının nə önəmi? İrəvan getdi və unuduldu, Zəngəzur getdi və unuduldu. İndi də Dağlıq Qarabağ... Əlli il keçməz sırada Naxçıvan və ya hər hansı başqa torpaqlar olar. Elə bilirsiz o zamanın erməni ilə “rumka-rumka”ya gedən “elita” olmayacaq? Bəlkə daha çox oldu. Axı biz müasirləşməyə və qloballaşmağa doğru gedirik. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM