AXCP fəalı Elnur Həsənov aclıq aksiyası keçirir

17:24 | 07.02.2023
AXCP fəalı Elnur Həsənov aclıq aksiyası keçirir

AXCP fəalı Elnur Həsənov aclıq aksiyası keçirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov aclıq aksiyası keçirir. Bu barədə AXCP Gənclər Komitəsinin facebook səhifəsində paylaşılıb. 
 
Bildirilib ki, aclıq edən Elnur Həsənov vəkili Fəxrəddin Mehdiyevlə görüşündə ona məlumat verib. 

"Elnur mənə dedi ki, onun ağzını məcburi açıb suyun qəbuluna məcbur ediblər. Hazırda Elnur Həsənov su içsə də qida qəbul etmir", - vəkil söyləyib.

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini deyib.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin üzvü Elnur Həsənov yanvarın 31-də saat 10 radələrində Azərişıq ASC-nin Baş Ofisində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Həmin şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildiriblər.
 
Məlumata görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov onun İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka həbs olunması haqda qərar çıxarıb.
 
AXCP-dən bildirilib ki, Elnur Həsənov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək.
 
Elnur Həsənov iki gün əvvəl Azərişıq ASC-nin Sabunçu Rayon Şöbəsi işçiləri tərəfindən imtiyazlı ailələr kateqoriyasına aid 85 yaşlı nənəsinin işığının kəsilməsinə etiraz edib. Bu zaman hakimiyyətin ünvanına sərt sözlər deyərək, onların idarəçiliyini tənqid edib.

Elnur Həsənov yanvarın 30-da facebook hesabında bir gün əvvəlki çıxışından sonra üç nəfər tərəfindən izlənildiyini bildirib.

Həsənovun qardaşı Teymur Həsənov Qarabağ döyüşlərində şəhid olub. Nənəsi onun himayəsindədir. 85 yaşlı qadın imtiyazlı ailələr kateqoriyasına aiddir. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM