Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladı fərmanın icrasına 3 ay sonra başlanılacaq.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komisəsinin rəhbəri Aydın Əliyev deyib. Onun sözlərinə görə, malların çeşidlənməsi və digər məsələlərlə əlaqədar 3 ay vaxt verilib: "Asan olsaydı, bu iş 3 aya deyil, 3 günə görülərdi"
ANN.Az xəbər verir ki, bu gün "Boulevard" hoteldə Caspian European Club üzvləri ilə birgə Dövlət Gömrük Komitəsi və iş adamları sahibkarlıq fəaliyyətləri ilə bağlı geniş konfrans keçiriblər.
"Gələcəyə baxış" adı altında keçirilən konfransda çıxış edən gömrük komitəsinin sədri Aydın Əliyev bildirib ki, bu tədbirin təşkil olunmasının əsas məqsədi Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş iclasında verilmiş yekun qərarların və xüsusilə sahibkarlıq fəaliyyəti ilə bağlı problemlərin müzakirəsini təşkil etməkdir.
Onun sözlərinə görə, prezident İlham Əliyevin oktyabrın 22-də imzaladığı adıçəkilən fərmana əsasən Gömrük Komitəsi 1 ay ərzində müəyyən məlumatların sərhəd məntəqələrində yerləşdirilməsini başa çatdırmalıdır.
Komitə sədri onu da əlavə edib ki, bu fərmanın icrasından sonra əhaliyə düzgün məlumat vermək lazımdır: "Bu fərman ancaq fiziki şəxslərin gətirdiyi mallara aiddir. Kommersiya fəaliyyəti ilə məşğul olanlara aid deyil. Burda söhbət sahibkarlıq və kommersiya məqsədləri üçün gətirilməyən mallardan gedir. Bu fərmanın tətbiqi Azərbaycanın sadə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədardır".
A.Əliyevin sözlərinə görə, bu fərmanda əsas prinsip kommersiya məqsədləri üçün deyil, fiziki şəxslərin aldıqları malların vergidən azad olunmasına yönəlib: "Dövlətin büdcəsi gömrük və vergidən gələn gəlir hesabına formalaşır. Ona görə də kommersiya və istehsalat üçün gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq. Sual yaranır ki, bu yenilik büdcəyə daxilolmaların azalmasına səbəb ola bilərmi? Hesab edirəm ki, bu fərmanın tətbiqi ilə əlaqədar hazırlanan müəyyən mexanizmdən sonra cavablandırmaq daha düzgün olardı. Fikrimcə, malların gətirlməsində sui-istifadəyə yol verilməzsə, məsələn, artıq neçənci dəfədir vurğulayıram, telefonların gətriliməsində və digər mallar öz tələbatları üçün ixrac olunursa, heç bir problem də yaranmaz".
Aydın Əliyev sonda qeyd edib ki, malların çeşidlənməsi və ya bir maldan neçəsinin gətirilməsinin müəyyən edilməsi üçün 3 ay vaxt müəyyən edilib. Bütün bunlara yaxın vaxtlarda aydınlıq gətiriləcək.
Xatırladaq ki, ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
DGK-ya tapşırılıb ki, "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2011-ci il 3 mart tarixli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı 1 ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.
Nazirlər Kabineti isə normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
Öz növbəsində Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !