Aliyə İsmayılzadə
Statistik məlumatların quru dili göstərir ki, Azərbaycanda boşanmaların sayı hər il getdikcə artır. Ya məhəbbət tanrısı artıq əvvəlki kimi deyil, ya da gənclər kor-koranə addım artırlar, ancaq fakt faktlığında qalır – ailələrin təməlləri dağıldıqca dağılır.
Gəlin mühafizəkar cəmiyyətin xoşuna gəlməyəcək səbəbləri bir kənara qoyaq və nigah rəsmi şəkildə bitəndən sonra, keçmiş ər-arvadın hansı həyat yaşadığını öyrənmək üçün pərdəni yuxarı qaldıraq.
Beləliklə, mülkiyyət və uşaqlara qəyyumluq uğrunda məhkəmə çəkişmələri nəhayət, arxada qaldı, qəddar qutunun içindəki sənədlər isə rəsmi şəkildə nigahın dəhşətli qəzaya məruz qaldığını göstərir.
Prinsipcə, hətta ən sivilizasiyalı cəmiyyətdə belə, boşanma çox böyük kədərlə qarşılanır. Bəs bəzi ailələrdə gənclərin nigahın pozulması barədə düşünməsinin belə qadağan olunduğu ölkəmiz barədə nə demək olar?
Bizim uşaqlara tamamilə kişinin üstünlüyünü qəbul etdirərək, "firmenni” şəkildə tərbiyə eləməyimiz sonda onunla nəticələnir ki, boşanma nəticəsində daha çox zərbə alan yenə qadın olur. Onun biabırçı şəkildə "boşanmış” damğasına məruz qalması azmış kimi, hələ əksər hallarda uşaqlara da məhz o baxmalıdır, çünki heç də hər bir keçmiş ər uşaqları təmin etmək kimi ağır öhdəliyi könüllü şəkildə öz üzərinə götürmək istəmir, bəziləri isə uşaqlarını artıq "keçmiş” kimi qəbul edirlər.
Qanunverici sistemdəki qüsurlardan dolayı, çox vaxt boşanmadan sonra qadın demək olar ki, mövcud olmaq üçün tamamilə vəsaitsiz qalır, ən yaxşı halda isə onlar dilənçi aliment puluna ümid bağlamalıdırlar. Məncə, heç kimə sirr deyil ki, bir çox kişilər uğursuz nigahdan olan uşaqlara vəsait ödəməkdən qaçmaq üçün bir çox metodalara əl atmaqdan çəkinmirlər, onlardan ən geniş yayılanı isə minimal əməkhaqqı barədə əmək müqaviləsi bağlamaqdır.
Bir qayda olaraq, boşanmış kişinin yenidən ailə qurmaq problemi olmur, o, uğurla nigah bazarında yer ala bilər, xüsusilə də əgər o imkanlı biridirsə, keçmiş ailəsini müvəffəqiyyətlə unuda bilər.
Boşanmış kişi bizim cəmiyyətdə "boşanmış”, "ikinci sort” və yaxud "bu” kimi damğalarla adlandırılmır. Axı zərif cinsin boşanmış nümayəndələri sistemli şəkildə məhz bu titullarla mükafatlandırılırlar...
Bunu heç vaxt unutmayacağam, bir dəfə yerli forumlardan birində gənc bir oğlanın boşanmış qadınla evliliyi müzakirə edilirdi. Mən igid "cayılların” bu barədəki dəyərli fikirlərini oxuyanda, sadəcə şoka düşdüm.
"O, dəli olub?” – onlardan biri qəzəblənmişdi, - "Başqasının tör-töküntüsü onun nəyinə lazımdır???”
"O yəqin ki, artıq gəzib. Yəqin, boşa yerə ayrılmayıb, ərinə xəyanət edib. Bu, onun nəyinə lazımdır?”
Və belə şərhlər həddindən artıq çox idi. Onlardan çoxu bizim ətrafımızdakı insanlardır, ola bilsin ki, onların çoxu pis adam da deyillər və ən əsası özlərini səmimi şəkildə kişi hesab edirlər. Bu insancıqların axı çox güman anası, həyat yoldaşı, bacısı, qızı var... Belə sözlər danışmağı özlərinə rəva görəndə, onlar düşünmürlər ki, həyat sürprizlərlə doludur və ola bilsin sabah kimsə onların bacısını, yaxud qızını "kiminsə tör-töküntüsü” adlandıra bilər. Əlbəttə, axı onlar əmindirlər ki, onların ailəsində belə şey ola bilməz...
Ürəyinizin parça-parça olduğunu, həyatın isə tamamilə darmadığın olduğunu düşündüyünüz anda belə sözlər eşitdiyinizi təsəvvürünüzə gətirin.
Bir tanış qız mənə boşandıqdan sonra, ətrafındakı kişilərdən belə münasibət gördüyünə görə, ağır depressiya düşdüyünü etiraf etmişdi. Dünən bu qıza hörmətlə "bacım” deyə müraciət edənlər birdən ona hansısa pozğun kimi baxmağa və eyhamlar vurmağa başlamışdılar. Onun ailə vəziyyətindən xəbərdar olan yeni tanışları isə çox düşünmədən intim münasibət təklif edirmişlər. Yeri gəlmişkən, gətirilən arqument də maraqlıdır, axı sən artıq qız deyilsən...
Bizim cəmiyyətin faciəsini başa düşürsünüzmü? Şəhərin istəsən bütün kişiləriylə bir neçə rayonda əylənə bilərsən, amma bununla belə, gəlinlik geyinə, belinə qırmızı lent taxa və üstəlik fəxrlə özünü bakirə adlandıra bilərsən, vecinə də olmaz ki, zaldakı qonaqlardan biri əlini sinəsinə vuraraq, gəlinlə keçirdiyi xoş anlar barədə xatirələrini danışa bilər. Bəli, bəli, gülməyin, belə şeylər olub, özü də dəfələrlə.
Ancaq! Qadın boşanarsa, ona "boşanmış” damğası yapışdırmaq olar, lap istəsən, o mənəviyyat baxımından mələk olsun, onu yerli "kişilərin” təhqirlərindən və böhtanlarından heç nə siğortalaya bilməz. Mən "kişilər” sözünü bilərəkdən dırnaq içində verdim, kişi sözün həqiqi mənasında kişidirsə, kiməsə cinsiyyət orqanına görə qiymət verməməlidir, kobud ifadəyə görə oxucu məni bağışlasın.
Qeyd etmək yerinə düşər ki, sıravi azərbaycanlının şüuraltına stereotiplərin belə möhkəm yerləşməsinin səbəbi nə qədər absurd olsa da, övladlarını düzgün tərbiyə edə bilməyən analarla bağlıdır. Mən şəxsən elə bir ailə tanımıram ki, orada boşandığına görə, ailəni "biabır” elədiyinə görə, oğullarıyla danışığı kəssinlər.
Bir tərəfdən inanmaq istəmirsən ki, belə hadisələr 21-ci əsrdə, Avropa dəyərlərini dəstəkləyən dünyəvi ölkədə baş verir. Yox, adətlər əlbəttə ki, yaxşıdır. Avropa dəyərlərinin də hamısını qəbul etməyə ehtiyac yoxdur. Ancaq sivilizasiyalı cəmiyyət başqalarının uşaqlarını "tör-töküntü” adlandıranlarla mübarizə aparmalıdır.
Hər bir insan səhv edə bilər. Hər bir insanın da ikinci dəfə ailə həyatı qurmağa haqqı var. Və heç kimin də kimisə bu hüquqdan məhrum etməyə haqqı yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !