Azərbaycan Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir. Bu barədə Xarici İşlər Nazirliyi Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Avropa Parlamentinin üzvlərinin "erməni məhbusları” ilə bağlı suallara verdiyi cavaba münasibətində deyib.
"Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər.
Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.
Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir.
Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq.
Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”, - münasibətdə qeyd olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !