Cəmilə İbrahimovaSovet İttifaqının dağılmasından cəmi 22 il keçsə də şəhərimizə baxanda bu tarixi unutmuş olursan. Bu müddət insanın gözündə bir göz qırpımında sonsuzluğa çevrilir. Çünki İttifaqın bizə qazandırdığı az sayda mühüm xüsusiyyətləri artıq demək olar ki, itirmişik. Bu dəyərlərin cəmi 22 ildə əriyib yoxa çıxmasına inanmaq çətindir. Sovet İttifaqının tərəfdarı deyiləm. Əksinə, hər bir xalqın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyirəm. Hətta bu tarixin bizə xeyirdən çox ziyanının olduğunu düşünürəm.
Hər il Həmkarlar İttifaqı tərəfindən hədiyyə edilən pulsuz istirahət turları, dövlətin hədiyyə etdiyi pulsuz evlər, işdən azad olmaq üçün saxta arayışlarla uzadılmış sonsuz icazələr və s. cəmiyyəti əsl tənbəl və yaradıcı cəhətdən “əlil” insanlardan ibarət olan topluya çevirib. 22 ildən çox bir müddət keçməsinə baxmayaraq insanlar hələ də gözləyir. Kiminsə gəlib onlara puluz istirahət turları verəcəyini, işləmədən əmək haqqı ala biləcəklərinə, həyatın o dövrdəki kimi asan və keşməkeşsiz ola biləcəyinə inanırlar. Bəlkə də bəziləri ittifaqın bərpa olunması xəyalları ilə yaşayır. Lakin unutmaq olmaz ki, reallığı qəbul etməyən cəmiyyət qaranlığa məhkumdur. Sovet İttifaqı artq yoxdur. O ölüb və bir daha dirilməyəcək. Sovet İttifaqının əsl həvəskarları yaşlı nəsldir. Yaşı əllidən çox olan demək olar ki, hamı birmənalı olaraq Sovet dövrünün xaritələri ilə nəfəs alır. Lakin maraqlısı odur ki, onlardan bu dövrün ən yaxşı xüsusiyyətini soruşduqda onların çoxu pulsuz verilən hədiyyələrdən, evlərdən danışır. Bundan fərqli nəyinsə olub-olmadığını dedikdə isə dərin fikrə gedirlər. Sovet dövründə yaşayışın rahatlıq dərəcəsi haqqında maraqlananda isə, cavab eyni olur:
“Pul çox idi, xərcləməyə yer yox idi”. İnsanlarla daha dərindən söhbət etdikdə açıq aydın görünür ki, bu Sovet sevgisi heç də birmənalı deyil. Adətən söhbətin ilk dəqiqələrində pulsuz verilən evlərin sevincindən, sonrakı dəqiqələrdə qida və geyim mağazalarının qarşısında saatlarla davam edən növbələrdən, piştaxtanın altından gizlin satılan mallardan, ən son mərhələdə isə Sovet “KQB”-si tərəfindən hər addımda güdülərək robotlaşdırılmaqdan danışılır. Yol getdiyim 62 yaşlı taksi sürücüsü mənə Sovet İttifaqından ağız dolusu danışırdı:
“Sovet dövründə peşə məktəbində işləyirdim. Tələbələrə yaxşı təqaüd verirdilər. Tələbələr yayda rayonlarına qayıdanda onların təqaüdünü özümə götürürdüm. Əla dövrlər var idi”. Qonşuluqda yaşayan Şirvan Balayev Sovet dövründə fabrikdən etdiyi oğurluqlarla fərx edənlərdəndir:
“Sovet dövründə hamı oğurlayırdı. Biri fabrikdən, biri məktəbdən, kim hardan bacarır. Ən çox fabrikdən oğurlayırdılar. Yaxşı pul qazanırdıq”.Yaşlı nəsil nümayəndələri Sovet dövrünün çətinliklərindən həvəssiz olsa da danışırlar. Onların çoxu məhsul çatışmazlığından, Sovet İttifaqı xaricinə səfərin çətinliyindən və KQB-nin hər addımbaşı təqibindən gileylənirdilər. Lakin heç kəs əllərindən alınan azadlıqlardan, pozulan hüquqlardan, dinlərinin əlindən alınaraq “dinsiz” kitabçaları verilməsindən bir kəlmə də danışmır. Doğrudanmı azadlıq bu qədər ucuzdur? Doğrudanmı azadlığın dəyəri bir ev və pulsuz verilən istirahət turlarına bərabərdir? Bu sualı Sovet İttifaqı dövründə doğulması ilə fəxr etməklə yanaşı, özünü hələ də Sovet vətəndaşı hesab edən Məmməd Novruzova ünvanlamağı özümə borc bildim:S:
“Azadlığın qiyməti neçəyədir?C:
Əşi nə azadlıq. O vaxt hamıya pulsuz ev verirdilər. Bu da sənin azadlığın. Azadlığı fikirləşən də yox idi. Əgər kimsə fikirləşsə də başımızın üstündə Sovet KQB-si dağ kimi dayanmışdı. Düzü heç o olmasa da fikirləşən olmazdı. Hamı pulunu alır, başını aşağı salıb xoşbəxt yaşayırdı. Heyf ki, siz o dövrü görməmisiz”.Aldığım bu cavab məni heç də təəccübləndirmədi. Sovet vətəndaşının azadlığı hədiyyə edilən evin sərhədləri ilə məhdudlaşırdı. Buna başqa ad vermək olmaz. Sovet İttifaqının nə qədər əleyhinə olsam da, o dövrün bizə qazandırdığı bir neçə əvəzolunmaz xüsusiyyəti danmaq bəşəriyyəti danmaq qədər absurd olardı. Bunlardan birincisi və ən əsası təhsildir.
Ana dilinə kölgə salınması, əlifbanın məqsədyönlü dəyişdirilməsi kimi məsələlər istisna olmaqla bütün digər məsələləri Sovet dövrünün təhsilimizə yatırdığı “investisiya”ya qurban vermək olar. Bu dövrdə yaşayan hər bir vətəndaş oxuyub-öyrənməyi vətən borcu kimi qəbul edirdi. Hələ də çoxumuzun evində divarları bəzəyən çoxsaylı kitab rəfləri bunun sübutudur. Sovet dövründə kitab oxumaq, biliklərini artırmaq ənənəsi ictimai hobbiyə çevrilmişdi. Bu, şübhəsiz ki, Sovet cəmiyyətinin ən böyük uğurlarından biri idi.
Sovet cəmiyyətinin digər təqdirəlayiq ənənəsi ictimai qaydalar idi. Buna qismən ictimai qınaq da demək olar. Lakin bunu birmənalı qəbul etmək doğru olmaz. İctimai qınaq dedikdə, əlbəttə ki, Sovet cəmiyyətinin fərqliliyi sevən, fərqli düşüncəyə sahib olan, geyim və davranışları ilə seçilən fərdləri təqibini alqışlamaq olmaz. Əslində Sovet cəmiyyətinin bu məqamda digər cəmiyyətlərdən çox da fərqi yox idi. Sadəcə, indiki dövrdən fərqli olaraq, insanlar sadə ictimai qaydalara əməl edirdilər. Yol gedərkən küçənin sağ tərəfi ilə hərəkət etmək, ətrafımızdakı insanlara hörmət etmək, növbə mədəniyyəti və s. kimi əslində kiçik olan, lakin böyük narahatlıqlar törədən məsələlər Sovet cəmiyyətinin müvəffəqiyyət qazandığı məqamlar idi. Sovet dövründə küçədə yerə tüpürməyi heç kəs ağlına belə gətirə bilməzdi. Günümüzdə isə bu hal adət halını alıb. Cəmiyyətin böyük bir qismi yerə tüpürür, yeri zibilləyir və hətta bunun doğru olduğuna səni inandırmağa çalışır. Sovet dövründə kimsə bu cür hərəkət etsə mütləq kənardakı insanların ictimai qınağı ilə üzləşəcək, nəticədə isə öz hərəkətini düzəltməli olacaqdı. Avtobus dayanacağında alça yeyən bir qadın alçanın çəyirdəyini elə məharətlə yerə atırdı ki, ona irad tutmaya bilmədim. Ondan çəyirdəyi yerə deyil, yaxınlıqdakı zibil qutusuna atmağı xahiş etdikdə eynilə bu cavabı aldım:
“Sənə nə? Buranı təmizləmək üçün pul alan süpürgəçilər var. Mən atıram, yaxşı edirəm, onlar təmizləyərlər”. Dəfələrlə təkid etməyimə baxmayaraq qadın bu hərəkətindən əl çəkmmədi. Düzdür, şəhərimizdə zibil qutularının kifayət qədər olmaması faktını qəbul edirəm, lakin insanlar zibil qutularının addımbaşı olduğu yerlərdə də zibili şüuraltı olaraq küçələrə atırlar. Ən əsası isə, bu haqda onlara irad tutanda ekologiyanı qorumaq cəhdlərinə görə az qalır ki, səni “xalq düşməni” elan etsinlər. Biganəlik dövrümüzün ən böyük problemlərindən biridir. Kimsə hörmətsizlik və ya irad tutulmalı olan bir hərəkət etdikdə hamı sanki gün eynəklərini taxmış olur.
“Nə işin var, qayıdar bir söz deyər” cümləsi artıq cəmiyyətimizin şüarına çevrilib. Hamı sanki yanındakı insan çantasında balta daşıyırmış kimi davranır. Elə bil kimsə birinə ictimai qaydaları xatırlatsan o dəqiqə əlini çantasına atıb ona hücum edəcək. Birlik olmayan cəmiyyət yaşamır, sadəcə mövcud olur. İctimai qaydalar, ictimai qınaq olmayan cəmiyyətin yaşaması isə mümkünsüz, ən yaxşı halda isə müvəqqətidir. İstər Sovet, istərsə də Şumer dövründən ancaq müsbət keyfiyyətləri götürmək və dəyişməyə hər zaman hazır olmaq lazımdır. Unutmaq lazım deyil ki,
ən yaxşı qayda qaydasızlığın özü olsa idi bunun özü də bir qayda olmazdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !