“Azadlıq” dövriliyini azalda bilər

17:09 | 29.11.2013
“Azadlıq” dövriliyini azalda bilər

“Azadlıq” dövriliyini azalda bilər

“Azadlıq” qəzeti dövriliyini azalda bilər. 

Baş redaktorun birinci müavini Rahim Hacıyev “Media forum” saytına belə deyib: “Maliyyə imkanlarından məhrum olunmuş redaksiya üçün əvvəlki rejimdə işləmək, həftədə 7 dəfə qəzet çıxarmaq çətindir. Hazırda qəzet böhran hədinə çatıb. İanə marafonu sayəsində qəzetin çapını bərpa edə bilmişdik, amma indi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetə maliyyə yardımını dayandırması onu göstərir ki, “Azadlıq”ın susdurulması üçün çox ciddi addımlar atılır.

Səylərimizi davam etdirəcəyik. Yenidən ictimaiyyətə müraciət etməyə məcburuq. Cəmiyyətin köməyi ilə vəziyyətdən çıxmağa çalışacağıq. Aksiya və marafonların keçirilməsi, abunə kampaniyasının daha da yaxşılaşdırılması üçün müraciətlərimiz olacaq”.

“Azadlıq” qəzetinin üstündə Bakı metrosunun rəisi Tağı Əhmədovun və iş adamı Kəbirə Məmmədovanın məhkəmə iddiaları üzrə 65 min manat cərimə var. Qəzetin bank hesabları bağlanıb, satış nöqtələrindən gələn vəsait bütünlüklə cərimələrin ödənməsinə yönəldilir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu buna görə qəzetə maliyyə yardımını dayandırıb.

“Media forum”a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azadlıq” qəzetinin məsələsinə qurumda baxılacağını bildirib: “Məhkəməlik məsələlərdə həmişə tərəflərlə fikir mübadiləsi aparmışıq, onlara kömək etməyə çalışmışıq. Hazırda “Azadlıq”ın problemi də diqqətimizdədir. Amma cərimələr ayrı-ayrı fərdlərin tələbi olduğu üçün onların bağışlanması da şikayət verənin iradəsindən asılıdır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM