"Hava limanı "AZAL"-dan alınmalıdır" - EKSPERTLƏRDƏN AÇIQLAMA

16:57 | 07.08.2020

"Hava limanı "AZAL"-dan alınmalıdır" - EKSPERTLƏRDƏN AÇIQLAMA

İlham Əliyev son keçirtdiyi müşavirədə bir çox qurumları sərt tənqid edib. SOCAR, "Azərenerji" ASC, "Azərsu" ASC, AZAL kimi şirkətlərin gəlir və məənfətlərindən danışıb. Ölkə başçısı bildirib ki, bu şirkətlərin əsas xərcləri dövlət tərəfindən ödənilsə də gəlirlərinin hara getdiyi məlum deyil. Sərt tənqid olunan şirlətlərdən biri də "AZAL”-dır.
 
Anews.az saytı iqtisadçı ekspertlərlə "AZAL” –ın necə işləməsi barədə müzakirə aparıb.
 
Ekspert Samir Əliyevin sözlərinə görə dövlət şirkətlərində artıq dəyişiliklər olmalıdır.  
 
"Prezidentin bu tip çıxışları çox olub və cəmiyyət hər dəfə ciddi dəyişikliklər olacağını gözləsə də , təəssüflər olsun ki, bu cür çıxışlar gözlənilən nəticələr verməyib. Ölkə başçısının son çıxışlarından gəlinən nəticələr odur ki, idarəetmədə, hesabatlarda, bir sözlə bu sektorların özəlləşdirilməsi ilə bağlı əsaslı dəyişiliklər olmalıdır. Bəs bu dəyişiliklər olacaqmı? Bu suala cavab vermək çox çətindir". 

Ekspertin sözlərinə görə,  İlham Əliyev dəfələrlə Azərbaycan iqtisadıyyatının dövlətin əlində olduğunu bildirib. Bu da o deməkdir ki, özəl sektor kənarda qalıb və dövlət bütün biznesi əlinə alıb. Neft sektoru, komunal, nəqliyyat, dəmir yolu, hava, su  infrastrukturu dövlətin əlindədir. Belə olan halda sağlam rəqabətdan danışmaq olmaz.

Samir Əliyev onu da əlavə etdi ki, dövlət şirkətləri də bir qayda olaraq  büdcəni yeyib dağıdırlar. "Bu sahələrdə əvvəl-axır islahatlar aparımalıdır. Hansı addımların atılmasını isə dövlət özü müəyyən edir", - deyə o, bildirib.  
 
İqtisadçı, deputat Rüfət Quliyev isə saytımıza açıqlamasında bildirdi ki, bu sahədə islahatlar mərhələli şəkildə həyata keçirilir və pandemiyanın olması prosesləri daha da sürətləndirdi.
 
"Mən daha öncələr də  iri şirkətlərin fəaliyyətində problemlər çoxluğundan danışmışam. "AZAL"-a gəldikdə isə Azərbaycanda da digər ölkələrdə olduğu kimi  hava limanlarını icarəyə vermək olar. Dünyada 60 faiz aireportlar xarici şirkətlərə icarəyə verilib. İqtisadiyyatın liberallaşmasından qorxmaq lazım deyil. Sadəcə xarici şirkətləri dəvət etmək lazımdır ki, dövlətin nəzarəti altında öz fəaliyyətlərini aparsınlar".
 
Deputatın fikrincə, iqtisadiyyat dövlət tərəfindən  idarə olunmalıdır.

"Bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyatı dövlət idarə edir. Razıyam ki, özəlləşmə olmalıdır. Amma buna tam özəlləşmə demək doğru olmazdı. Sadəcə dünya ölkələrinin praktikasından istifadə edərək  hava limanlarını 25, 49 illik icarəyə verməklə işlətmək lazımdır”, – deyə Quliyev əlavə etdi. 
 
Ekspert Rəşad Həsənovun sözlərinə görə isə bu cür islahatlar çoxdan olmalıdır.
 
 "2017-ci ildən sonra neftin qiymətinin stabilləşməsi bütün bu prosesləri ləngitməyə başladı. Hökümət əvvəlki kimi öz ampulasına qayıtdı. Ümid edək bu dəfə daha ciddi qərarlar qəbul ediləcək. Bütün istiqamətlərdə hökümətin özünü yeniləməyə ehtiyacı var. Görünən odur ki, köhnə qaydalar effekt vermir. İqtisadiyyat liberallaşmalıdır. Dövlət iqtisadiyyatdan çəkilməlidir. Özəl sektor idarəetməyə cəlb edilməlidir. Özəl sektorun idarəetməyə cəlb edilməsi şəffaflığın təşkil edilməsi deməkdir".
 
Ekspertin fikrincə, iri şirkətlər sadəcə böyük yük formalaşdırır.

"İdarəetmənin özünün təkmilləşməyə ehtiyacı var.
 
"AZAL" həm aireportları idarə edir, həm də hava nəqliyyatı şirkəti kimi fəaliyyət göstərir. Bu maraqlar rəqabətin qarşısını alır. Rəqabətli mühit yaradılmasını istəyiriksə konkurensiya olmalıdır. "AZAL" isə  hər iki istiqamətdə idarəetməni əlində cəmləşdirib və monopoliya formalaşdırıb. Ölkəyə aşağı büdcəli şirkətlər gəlmir. Çünki şirkətləri Azərbaycan bazarına daxil olmağa qoymurlar. Qiymətlər yüksəkdir. Statistikaya baxsaq ötən 7-8 ildə Azərbaycanın bütün beynəlxalq hava limanlarında sərnişin daşıma azalıb. Ölkənin 5 hava limanında sərnişin daşıma son iki ildə daha da aşağı düşüb. Ortada bu qədər problemlər yarandığı üçün özəl sistemin idarə olunmasına ehtiyac var", - deyə ekspert bildirdi.  
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti