Akademik Milli Dram Teatrından Xalq artisti Səyavuş Aslanın oğlunun sığınacağa yerləşdirilməsi xəbərinə reaksiya verilib.
Teatrın mətbuat katibi Cavid Zeynallı "Ölkə.Az"a bildirib ki, mədəniyyət ocağının rəhbərliyi və kollektivi Çingiz Aslanın sığınacağa yerləşdirilməsini böyük təəssüflə qarşılayıb:
"Xalq artisti, Azərbaycan teatrı və kinosunun böyük siması Səyavuş Aslanın oğlunun sığınacağa yerləşdirilməsi xəbərini hər kəs kimi biz də böyük təəssüflə qarşıladıq. Mən Çingizin iştirak etdiyi həmin verilişə baxdım. Böyük sənətkarımızın oğlunun bir müddət əvvəl də oxşar problemləri olmuşdu. Çingiz Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətova kömək üçün bir neçə dəfə müraciət edib. Sonuncu müraciəti də dərman almaqla bağlı olub. Azər Paşa Nemətov Çingizə hər dəfə olduğu kimi sonuncu müraciətində də kömək əlini uzadıb. Məlumat üçün deyim ki, Azər Paşa Nemətov təkcə Siyavuş Aslanın övladına yox, bütün sənətkarlara, sənətkarların ailə üzvlərinə, övladlarına əlindən gələn köməkliyi edib və bu, hər zaman belə də olacaq.
Akademik Milli Dram Teatrının kollektivi olaraq Çingizin müalicəsi üçün bundan sonra da əlimizdən gələni etməyə hazırıq. Ona Allahdan şəfa, sağlamlıq və səbir diləyirik”.
Qeyd edək ki, S.Aslan 2013-cü ildə vəfat edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !