Avrokuboklarda I təsnifat mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının ilkin təsnifat mərhələlərinin baş tutan görüşlərindən sonra UEFA-nın əmsallar cədvəli açıqlanıb. Keçirilən qarşılaşmaların nəticələri siyahıda müəyyən dəyişikliklərə səbəb olub. İki təmsilçisi meydana çıxan Azərbaycan isə mövqeyini dəyişməyib. Avropa Liqasındakı təmsilçilərimiz ölkəmizin hesabına daha 0,250 xal qazandırıb. Buna da “İnter” nail olub. Bakılılar Moldova “Tiraspol”unu 3:1 hesabı ilə məğlub ediblər. Bu qələbə ilə gələn 0,250 xal cari mövsümün ümumi qazancını 0,500-ə çatdırıb. Bu yarım xalı da hər iki oyunda qalib gələn “bankirlər” əldə edib. Öz meydanında Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna 0:2 hesabı ilə uduzan “Qəbələ” isə səfərdə də uduzub – 0:3. Bununla, əyalət təmsilçisi mövsümü xalsız başa vurub. Son 5 mövsümün yekunlarına əsasən hesablanan ümumi reytinq xalımız isə 9,375-ə yüksəlib. Amma bu artım siyahıda irəliləməyə kifayət etməyib. 30-cu olan Azərbaycan özündən öndə qərarlaşan Macarıstanı daha da uzağa buraxıb. Belə ki, iki ölkə arasında fərq 0,375-ə qalxıb.