Azərbaycan alimlərindən ixtira - 25 faizlik qənaət

15:17 | 27.02.2018
Azərbaycan alimlərindən ixtira - 25 faizlik qənaət

Azərbaycan alimlərindən ixtira - 25 faizlik qənaət

"Almaniyada yeni ixtiramızın təqdimatını edən zaman inana bilmədilər. Dedilər ki, bu, cəfəngiyyatdır, belə şey ola bilməz. Daha sonra qurğu təqdim olundu və tədbirin sonunda bir çox şirkət əməkdaşları yaxınlaşaraq bizimlə işləmək istədiklərini bildirdilər”. 

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetinin maşınşunaslıq elmi-tədqiqat institutunun direktoru, prof. Ayaz Abdullayev universitetdə təşkil olunmuş mancanaqlı dəzgahların (kaçalka) yeni formasının təqdimatında deyib. O bildirib ki, klassik ötürücü mexanizmlər-reduktorlar ənənəvi olaraq 5 pilləli və 6 valdan ibarət olur. Ancaq institut bu valların sayını azaldaraq 2-ə endirməyi bacarıb:

"Əvvəlcə heç özümüz də inanmırdıq ki, bunu biz işlək formaya sala bilərik. Şübhəylə yanaşdığımız üçün ilk növbədə qurğunu laborator şəraitdə yaratdıq və müşahidədən keçirdik. Gördük ki, tam işləyir. Bu reduktorların mexanizmi imkan verir ki, qurğunun faydalı iş əmsalı 6%-ə kimi artsın. İlk baxışda az görünsə də, təcrübəli şəxslər bilir ki, bu, balaca rəqəm deyil. Üstün cəhətləri çoxdur. 

Sual yarana bilər ki, reduktorlardan haralarda istifadə etmək olar?

Demək olar ki, bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə etmək olar. Mövcud mancanaq dəzgahlarında ötürmə 40%-i aşmır. Ruslar o vaxt ötürmənin faizini artırmaq üçün bir neçə yola əl atsa da, uğurlu ola bilməmişdi. Bizim təklif etdiyimiz qurğu vasitəsilə istənilən ötürmə nisbətini almaq mümkündür”. 

AzTu-nun Konstitusiya kafedrasının müdiri, prof. Əli Nəcəfov qurğunun əsas üstünlüklərindən danışan zaman qeyd edib ki, ixtira ölkə iqtisadiyyatı üçün böyük töhvə verə bilər:

"Ötən əsrin əvvəllərində istismara verilmiş mancanaq dəzgahlarımız hələ də dəyişdirilməyib. Odur ki, biz mancanaq dəzgahlarının yeni konstruksiyasını təklif edirik. Bu dəyişiklik bizə bir çox üstünlüklər verir.

Bizim qurğu imkan verir ki, hər quyu üçün 20-30% enerji və metala qənaət olunsun. Nəzərə alsaq ki, Bakı ətrafında hazırda çalışan  10 minlərlə dəzgahlarımız var,  bu da ölkə üçün böyük iqtisadi səmərədir. 25%-dək elektrik mühərrikinin tələb olunan gücünü azaldır. Bu çox böyük rəqəmdir. Təsəvvür edin ki, bu gün dünyada mancanaq dəzgahlarının istifadəsi üçün elektrik enerjisinə sərf olunan vəsait 450 milyard dollara yaxınlaşır. Bu rəqəmin 25 faizi görün nə qədər edir. 

Dəzgah 24 saat çalışır və dayanması iqtisadi itkilərə səbəb olur. Biz ilk olaraq təcrübə üçün Pirallahıda qurğumuzu yerləşdirdik və 6 ay müddətində dayanmadan işlədi. Quyu işlək deyildi, ancaq biz onu yenidən bərpa etdik. Təəssüflər olsun ki, orada bizə bir qədər biganə yanaşıldı, ancaq hər şeyə baxmayaraq, biz öz işimizin öhdəsindən uğurla gələ bildik. Sadəcə olaraq neftin qiyməti son zamanlar aşağı düşdüyü üçün neft şirkətimiz bu sahədə öz aktivliyini göstərə bilmir”. 

Professor bu yaxınlarda ixtiranı Küveytdə təqdim edib. Onun sözlərinə görə, yeni qurğu neft ölkələrinin böyük marağına səbəb olub:

"Ölkəmizdən fərqli olaraq dünya bazarında maraq böyükdür. Bu yaxınlarda Küveytdə keçirilən 10-cu beynəlxalq sərgidə qurğunun təqdimatını  etdim. Çox böyük maraq doğurdu. Xarici alimlər, ərəb iş adamları bizim stendə yaxınlaşaraq bildirdilər ki, sərgidə görüdükləri ən böyük ixtira bizimkidir. Təqdimatdan sonra Uman Əmirliyindən təklif gəldi, daha sonra Ukraynananın helikopter istehsal edən şirkəti bizimlə maraqlanıb və helikopterin baş reduktorunun düzəldilməsini bizə sifariş etdilər. Hazırda onun üzərində işləyirik. 

İxtiramızla yerli bazara bir xeyir vermək istəsək də, hələ də hər hansı bir ciddi müraciət almamışıq. Bəzi qurumlar məlumatlandırılıb, bəzilərini də məlumatlandırmağa çalışırıq. İmkanımız var ki, ölkənin iqtisadiyyatı üçün müxtəlif sahələrdə kömək edək. Ancaq xaricdən təkliflər artır və artıq biz onlara yox deyə bilmirik”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti