Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənovun Trend-ə müsahibəsi
- Azərbaycan və Almaniya arasında əmtəə dövriyyəsinin strukturu necədir və ölkələr ikitərəfli əmtəə dövriyyəsi və onun şaxələndirilməsində daha yüksək nəticəyə nə qədər tez çata bilərlər?
- Azərbaycan və Almaniya arasında münasibətlərin böyük tarixi var. Bilirsiniz ki, təxminən 200 il bundan əvvəl almanlar Vürtemberq əyalətindən Azərbaycana pənah gətiriblər və demək olar ki, elə həmin dövrdən münasibətlərimizin tarixi başlayıb. Almanlar ölkəmizdə çox qonaqpərvər şəkildə qəbul olunublar, ölkəmizdə onların öz adət-ənənələrini, mədəniyyətlərini yaşatmalarına şərait yaradılıb.
Hazırda Azərbaycan və Almaniya arasında siyasi dialoq ən yüksək səviyyədə aparılır və bütün sahələrdə münasibətlər gündən-günə dərinləşir.
Təbii ki, iqtisadi əməkdaşlıq da prioritet məsələlərdən biridir və bu sahədə də münasibətlər inkişaf edir.
İqtisadi sahədə daha yüksək əməkdaşlıq potensialı mövcuddur, lakin bu potensialdan hələ tam istifadə olunmayıb. Ona görə də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Əsas məqsədimiz Almaniyanın İKT, nanotexnologiya, sənaye sahələri üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya və texnologiya tutumlu məhsulların idxal edilməsidir.
Prioritet sahələrdən biri də Almaniyadan ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Almanlar dünyada ən çox səyahət edən xalqlardan hesab olunurlar. Bu baxımdan da turizm sahəsində əməkdaşlıq bizim üçün çox vacibdir. 2016-cı ildə Azərbaycana gəlmiş əcnəbi turistlərin təqribən 13 min nəfəri Almaniya vətəndaşı olub və biz bu rəqəmin cari ildə 14 500-ə çatacağını gözləyirik. Eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı, eko, tibbi və mədəni turizm potensialı ölkəmizə alman turistlərin axınını dəfələrlə artıra bilər və bu sahədə də işlərimiz davam etdirilir.
- Almaniyada azərbaycanlı investorlar üçün hansı potensialı görürsünüz? İqtisadiyyatın hansı sahələri əməkdaşlıq üçün daha cəlbedicidir?
- İki ölkə arasında iqtisadiyyatın demək olar ki, bütün sahələrində əməkdaşlıq əlaqələri mövcuddur və 2016-cı ildə ümumi ticarət dövriyyəsi təxminən 2 milyard avro təşkil edib.
Almaniya ilə əmtəə dövriyyəsi 2017-ci ilin yanvar-iyun aylarında 715 milyon avro təşkil edib ki, bundan 577 milyon avro bu ölkəyə ixracın payına düşüb. Azərbaycan ixracında əsas payı neft və neft məhsulları təşkil edir.
Azərbaycan Almaniyanın xam neft idxal etdiyi ölkələr arasında 5-ci yeri tutur. Təbii ki, biz Federativ Respublikanı qeyri-neft məhsullarımız üçün strateji bazar hesab edirik və bu müstəvidə ölkəmizdən Almaniyaya müxtəlif kənd təsərrüfatı və digər məhsullar ixrac edilir.
Almaniyada məhsulların insan sağlamlığı üçün faydalılığına da böyük önəm verilir və bu baxımdan Azərbaycandan bu ölkəyə idxal olunan nar məhsulları alman istehlakçılar tərəfindən məmnuniyyətlə alınır. Eyni zamanda, Azərbaycan Almaniyadan əsasən dərman vasitələri, inşaat materialları, avadanlıqlar, həmçinin kənd təsərrüfatı məhsulları idxal edilir.
Ümumilikdə, Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin statistikasına görə, 2017-ci ilin birinci yarısında Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsinin 70%-dən çoxu Azərbaycanın payına düşür. Bu imkanları daha da artırmaq üçün səfirlik tərəfindən də davamlı işlər aparılır və əsasən, qeyri-neft məhsullarımızın ixracı məqsədilə Azərbaycan şirkətləri üçün müxtəlif imkanların yaradılması istiqamətində təşviqat işləri aparırıq və bu baxımdan yerli şirkətlərimizin Almaniyada keçirilən beynəlxalq ticarət sərgilərində iştirakı, öz məhsullarını nümayiş etdirməsi, eləcə də "Made in Azerbaijan” brendinin təşviqi daim diqqət mərkəzindədir.
Əlbəttə ki, Almaniyadan da iqtisadiyyat sahəsinin nümayəndələrinin Azərbaycana səfərləri mütəmadi həyata keçirilir və bu səfərlər çərçivəsində aparılan müzakirələr, onların sonradan reallaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin artmasına xidmət edir.
Qarşılıqlı olaraq həm Azərbaycanın bir neçə şirkəti Almaniyada fəaliyyət göstərir, həm də Almaniyanın Azərbaycanda çalışan şirkətləri var. Azərbaycandakı Almaniya şirkətlərinin sayı 170-ə yaxındır. Bundan başqa, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir ki, bu da Almaniyanın bütün MDB məkanında ikinci belə qurumudur. Bu, Almaniya tərəfindən ölkəmizə verilən önəmin, iqtisadi sahədə əməkdaşlığın bir göstəricisidir.
Son 20 il ərzində Almaniya tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən yarım milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.
Azərbaycan şirkətləri də Almaniyada öz bizneslərini genişləndirməkdə davam edirlər. Ümumilikdə, Almaniyanın Avropada məşhur turizm təyinatlı ölkə olduğunu əsas götürsək, bu ölkədə mehmanxana biznesi, restoran və digər xidmət sahələrinə sərmayə yatırılması, eləcə də Almaniyada sosial evlərə mövcud tələbatdan irəli gələrək bu sahədə fəaliyyət göstərilməsi Azərbaycan investorları tərəfindən nəzərdən keçirilə bilər. Bununla yanaşı, yaxın gələcəkdə Almaniyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalında maraqlı olduğunu nəzərə alsaq, Almaniya bazarına nar məhsulları, şərablar, çərəzlər, quru meyvələr, çaylar və digər məhsulların ixracı perspektivdə daha da yüksələcək.
Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun iclasları çərçivəsində iqtisadi əməkdaşlığın perspektivləri və konkret layihələrə baxılır. İşçi Qrupunun son iclası ötən il Bakıda baş tutub, rotasiyaya əsasən növbəti toplantı 2017-ci ilin noyabrında Berlində keçiriləcək. Hazırda iclasın gündəliyi üzərində iş aparılır.
- İki ölkə arasında müqavilə-hüquq bazasının yenilənməsinə ehtiyac varmı?
- İki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edən müqavilə-hüquq bazası yaradılıb. Bu sahənin mütəmadi olaraq yenilənmə və təkmilləşdirmə tələb etdiyini nəzərə alsaq, onlar üzərində iş daim aparılır. Hazırda bir sıra saziş layihələri müzakirə mərhələsindədir.
- Almaniya şirkətləri Azərbaycanda yaradılan azad ticarət zonası və sənaye parklarına maraq göstərirlərmi?
- Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi tədbirləri sayəsində ölkənin xarici sərmayə yatırılması baxımından cəlbediciliyi durmadan artır və təbii ki, bu, alman sərmayəçilər tərəfindən də maraqla qarşılanır. Bu mənada, Azərbaycanda yaradılmış sənaye parkları və ölkəmizdəki investisiya mühiti barədə səfirlik tərəfindən Almaniyanın müvafiq qurumlarına daim məlumatlar verilir və danışıqlarımızın əsas mövzularından biri kimi nəzərdən keçirilir.
Bizdə olan məlumata görə, Almaniyanın hökumət və bir çox biznes dairələri də Azərbaycandakı son islahatlar çərçivəsində yaradılan bu şəraitlə yaxından maraqlanırlar və artıq bir neçə nümayəndə heyəti Azərbaycanda olub. Biz yaxın gələcəkdə reallaşacaq növbəti səfər üzərində işləyirik. Almaniyada iqtisadiyyat sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərlərinin də daxil olacağı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində sənaye parkları və azad ticarət zonası ilə bağlı danışıqların aparılması da nəzərdə tutulur. Düşünürəm ki, Almaniya, o cümlədən alman şirkətləri tərəfindən bu sahəyə maraq getdikcə daha da artacaq.
- Almaniyanın Avropa bazarlarına təbii qaz tədarükü üzrə yeni marşruta - "Cənub Qaz Dəhlizi”nə qoşulması gözlənilirmi? Almaniya bu marşrut üzrə hansı həcmdə qaz alışını nəzərdə tutur? Almaniyanın maliyyə institutlarının bu layihənin maliyyələşdirilməsinə maraqları varmı?
- Təbii ki, "Cənub Qaz Dəhlizi” və Azərbaycanın qaz tədarükü sahəsində oynadığı rol Almaniya hökuməti tərəfindən çox yüksək qiymətləndirilir. Bu mənada, ölkəmiz tərəfindən həyata keçirilən transmilli enerji layihələri Azərbaycanın davamlı enerji siyasətinin tərkib hissəsi kimi Almaniyaya məlumdur. Azərbaycan "Cənub Qaz Dəhlizi”nin icraçısı və təminatçısı qismində çıxış edir və avropalı tərəfdaşlarımız, eləcə də Almaniya bilir ki, "Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə, eyni zamanda, enerji təminatının şaxələndirilməsinə böyük töhfə verəcək, yeni imkanlar yaradacaq. Bu baxımdan Almaniya da Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən layihələri dəstəkləyir, həmçinin "Cənub Qaz Dəhlizi” çərçivəsində qaz alışını nəzərdə tutur.
Almaniyanın E.ON (indiki "Uniper”) şirkəti "Şahdəniz” konsorsiumu ilə Azərbaycan qazının tədarükü üzrə 25 illik müqavilə imzalayıb. "Uniper” şirkəti hər il 1,5 milyard kubmetr Azərbaycan qazı alacaq.
Bütün bunlar onu göstərir ki, Almaniya Azərbaycan təbii qazının Avropaya nəqlində çox maraqlıdır, hətta bu layihənin həyata keçirilməsində iştirak edir.
Almaniyanın maliyyə institutları da "Cənub Qaz Dəhlizi”nə maraq göstərirlər.
- Azərbaycan ölkənin logistik mərkəzə çevrilməsi məqsədilə bir sıra nəqliyyat layihələri həyata keçirir. Almaniya Azərbaycanın tranzit imkanlarından istifadə etməyə maraq göstərirmi?
- Almaniyada keçirdiyimiz görüşlər zamanı Azərbaycanın geniş tranzit nəqliyyat imkanlarının olduğunu daim bu ölkənin hökumət və biznes dairələrinin nümayəndələrinin diqqətinə çatdırırıq. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, bir sıra regional layihələrlə çıxış etməsi Almaniyada çox diqqətlə izlənilir. Həmin dəhlizlər vasitəsilə Şərqdən Qərbə, yaxud əks istiqamətdə daşımaların məsafəsinin qısalacağını nəzərə alsaq, yeni Bakı Beynəlxalq Ticarət Limanının tikilməsi, onun yeni imkanlar vəd etməsi, həm Avropa nəqliyyat dəhlizinin, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması bütün avropalı iş adamları üçün, o cümlədən Almaniya şirkətləri üçün maraqlıdır və alman iş adamlarının Azərbaycana səfərləri çərçivəsində, eləcə də bizim nümayəndələrimizin Avropaya səfərləri zamanı ən çox müzakirə olunan məsələlərdən biridir.
Bu ilin sonunadək Almaniyada Azərbaycanın logistik və nəqliyyat sahəsində imkanlarına həsr olunacaq biznes-forum keçirməyi də nəzərdə tuturuq. Düşünürəm ki, gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !