Azərbaycanda atların kütləvi şəkildə ölkədən daşınmasına başlanıb. Əldə etdiyimiz məlumata görə, mütəmadi olaraq at dolu maşınlar Ələt dəniz limanından bərələrlə Qazaxıstana daşınır.
Regionlardan "Qafqazinfo”ya bildirildiyinə görə, 2 ay əvvələdək Azərbaycanda cins olmayan atların biri ən yaxşı halda 200 manata satılıb, indi isə qiymət 300-350 manata yüksəlib. Bütün ölkə boyu atları alan işbazlar onları at ətinin yeyildiyi Orta Asiya ölkələrinə, əsasən də Qazaxıstana daşıyırlar. Bu zaman alıcılar atların məhz kəsim üçün alındığını bildirirlər.
Dövlət Statistika Komitəsinin xarici ticarət əlaqələrinə dair açıqladığı məlumatdan da aydın olur ki, diri atların ixracında kəskin artım var. Belə ki, Komitənin məlumatına əsasən 2015-ci ildə ölkədən kənara cəmi 7 baş diri at, ulaq, qatır və at qatırı ixrac olunub – 13,4 min dollara – 1-i təxminən 1900 dollardan yuxarı. Həmin il Azərbaycana 29 baş cins at idxal edilib – 132,4 min dollar.
2016-cı ildə yanvar-sentyabrda "Diri atlar, ulaqlar, qatırlar və at qatırları”nın idxalı cəmi 8 baş (22,7 min dollara) təşkil etsə də(1-i 2800 dollardan yuxarı), ixrac 586 başa yüksəlib (85,22 min dollar – 1-i 145,42 dollara). İlin yekununda isə atların ("digər atlar”) ixracı 1155 başa çatıb. Bu zaman bir atın qiyməti təxminən 141 dollar təşkil edib. Beləliklə, ötən ilin son 3 ayında at ixracı əvvəlki 9 ayla müqayisədə 2 dəfədən çox artıb. 2016-cı il ərzində cəmi 10 baş təşkil edən idxal atlarının birinin qiyməti isə 3 min dollardan yuxarı olub.
Statistika Komitəsinin bu ilin birinci rübünə dair açıqladığı məlumatdan isə aydın olur ki, 3 ay ərzində ölkədən kənara ixrac olunan diri atların sayı 973 baş təşkil edib(?!) – biri təxminən 147,8 dollara. Hamısı da Qazaxıstana.
Eyni əminliklə atların qeydə alınan ixrac qiymətinin reallığı əks etdirmədiyini də söyləmək olar. Belə ki, aldığımız məlumata görə, Azərbaycandan atlar sırf ətlik məqsədilə aparılır. Əsas ixrac ölkəsi olan Qazaxıstanda ötən ilin 4-cü rübündən etibarən ət, o cümlədən at ətinin qiyməti sürətlə bahalaşmaqdadır. Hazırda at ətinin 1 kq-ı pərakəndə satışda 2500 təngəyə - təxminən 13,5 manata satılır (8 dollara yaxın). Bir atın ən pis halda 150-200 kq ət verdiyini (söhbət ümumi çəkidən deyil, məhz istifadəyə yararlı ətdən gedir) nəzərə alsaq, bu, hardasa 2025-2700 manat deməkdir. Azərbaycandan ixrac edilən atın biri isə bundan 8-10 dəfə ucuz rəsmiləşdirilir.
Maraqlıdır ki, Qazaxıstanda 2014-cü ildə atların sayı 1 milyon 784,5 min baş olubsa, bu ilin yanvarına bu rəqəm 2 milyon 113,2 min başa çatıb. Burada at əti mal və qoyun ətindən bahadır – 1 kq mal əti 1700-1800 təngə, at əti isə 2500 təngədir.
Azərbaycanda nə qədər at var?
Azərbaycanda atların sayına dair ən uzaq məlumat 1941-ci ilə aiddir – Statkomun məlumatına görə, Böyük Vətən Müharibəsinin başlandığı həmin ildə Azərbaycanda 216,9 min baş at olub. Müharibə və ondan sonrakı aclıq illərində atların sayı yarıabayarı azalıb. Azalma tempi sonra da davam edib. Arada bir qədər artım qeydə alınsa da, Qarabağ müharibəsinin ağır dövründə - 1992-1993-cü illərdə 34,6 min başa düşüb. Ondan sonra yenidən artım başlayıb – 2012-2013-cü illərdə 77,2 min başa çatıb. 2014-cü ildən isə atların sayında yenidən azalma dövrü başlayıb - həmin il 76,6 min baş, 2015-ci ildə 75,4 min baş(azalma 1200 baş ), 2016-cı ildə isə 73,7 min başa düşüb (azalma 1700 baş). Atların ixracı bu sürətlə davam edəcəksə, heç şübhəsiz ki, 2017-ci ildə azalma daha böyük olacaq.
2015- cildə Azərbaycanda ən çox at Zaqatala rayonunda olub - 4690 baş. Ondan sonra gələn Cəlilabadda - 4081 baş, Qubada - 2833 baş, Balakəndə - 2389 baş, Şəkidə - 2278 baş, Sabirabadda – 2178 baş, İmişlidə - 2126 baş, Saatlıda - 2005 baş olub.
Nəzərə alsaq ki, ətliyə əsasən 6 aylıqdan 3 yaşadək atlar qəbul edilir və Qazaxıstan daha yaşlı və sağlam olmayan heyvanı qəbul etmir, onda kütləvi ixracın ölkədə atçılığa nə qədər böyük zərər vuracağını təsəvvür etmək çətin deyil.
Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin verdiyi məlumatdan aydın olur ki, bu ilin 3 ayında Azərbaycanda 5-6 ton mənşəyi məlum olmayan ət aşkarlanıb ki, onun da 2 tonu at əti olub (Report). Bu, aşkarlanan faktlar üzrə qeyd olunan rəqəmdir. Aşkarlanmayan faktlar üzrə kəsilərək müxtəlif yollarla əhaliyə satılan at ətinin miqdarı bundan qat-qat yuxarıdır. 2015-2016-cı illərdə ölkədə atların sayı 2800 baş azalıb. Bu isə orta hesabla,400 -500 ton ət deməkdir. Bunun ən yaxşı halda 5-10 faizinin müxtəlif yollarla süfrəmizə gəlib çıxmasınınn qarşısı alınmış ola, ya olmaya…
At ətini niyə yemək lazımdır?
Qədimdə babalarımızın qida rasionunda mühüm yer tutan at əti digər heyvanların ətindən nə ilə fərqlənir? Məsələ burasındadır ki, bütün parametrlər üzrə at əti mal və qoyun ətindən daha üstündür. Belə ki, at ətində allergenlər və mürəkkəb birləşmələr digər ətlərə nisbətən xeyli aşağıdır. Buna görə də at əti demək olar ki, allergiya törətmir. Həmçinin aminturşuları, A, B qrup, E vitaminləri, fosfor, natrium, mis, dəmir, kalium, maqnezium kimi minerallarla zəngindir.
At ətinin digər üstünlüyü onun azyağlı olmasındadır – daim aktiv hərəkətdə olan bu canlıda piylənmə çox az hallarda, əsasən qabırğa hissələrində qeydə alınır. Özü də bu piy digər heyvanların piyindən kəskin fərqlənir: tərkib etibarilə bitki yağlarına daha yaxındır - çox cüzi miqdarda xolesterini var, həmçinin at əti güclü ödqovucu xüsusiyyətə malikdir. Buna görə də öd və öd yolları, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə at ətindən istifadə tövsiyə edilir.
At ətinin mal və qoyun ətindən daha bir üstünlüyü tərkibində suyun miqdarının xeyli çox olması və buna görə də daha asan həzm olunmasıdır. Belə ki, mal əti 1 sutkaya həzm olunursa, at ətində bu müddət 3 saat təşkil edir.
At ətinin kişilərdə potensianı artırdığı, radiasiyanın mənfi təsirini neytrallaşdırdığı da deyilir. Onun yeganə çatışmayan cəhəti bir qədər daha sərt olması, bişirilmədə xüsusi texnika tələb etməsidir.
Hazırda at əti Avropa və Asiyada yeyilir. Avropada at əti daha çox Macarıstan və Fransada istifadə olunur. İspaniya iri at ixracatçısı olmasına rəğmən, onun əti yeyilmir. İngilisdilli ölkələrdə - ABŞ, Böyük Britaniya, İrlandiya və Kanadada at ətinin yeyilməsi qadağandır.
Azərbaycanda at ətinin yeyilməsi qadağan olunmayıb, heç dinimizdə də belə bir qadağa yoxdur – yəni istənilən şəxs normalara uyğun kəsilmiş atın ətini rahatlıqla satışa çıxara bilər. Lakin ölkə əhalisinin at ətini yemədiyini nəzərə alsaq, satışa çıxarılan ətin 90 faizinin (10 faizini Azərbaycanda yaşayan çinli, qazax, qırğız, türkmən, tatar, başqırd və digər xalqların nümayəndələri ala bilər) elə piştaxtadaca çürüyəcəyi əvvəlcədən məlumdur. Buna görə də işbazlar at ətini mal əti adıyla əhaliyə sırımağa çalışırlar. Bu işdə əsas ötürücü rolunu kolbasa-sosiska sexləri, restoran və şadlıq evləri oynayır. Çünki at ətinin spesifik qoxusu olduğu üçün onu çiy ət kimi satmaq mümkün deyil. Qeyd olunan obyektlərdə isə ona müxtəlif dadlandırıcılar qatmaqla sata bilirlər.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 2007-ci ildə "Atçılıq haqqında” qanun, daha sonra isə "Atçılığın inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəd bilavasitə cins Azərbaycan atlarının yetişdirilməsi sahəsində inkişafa hesablanıb. Hazırda ölkədə cins atların sayı min başa belə çatmır.
KTN: Atın ixracı ölkədə atçılığı inkişaf etdirəcək
Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevin "Qafqazinfo”ya dediyinə görə, ölkədən kənara at ixracının geniş vüsət alması bu sahənin inkişafına gətirib çıxaracaq: "Azərbaycanda atların sayı az deyil – 100 minə yaxındır. Və bizdə at əti yeyilmir. Bir çox hallarda vətəndaşlar qocalmış atları başlı-başına buraxırlar. Belə atlar cəbhə bölgələrində gedib minaya düşür, yaxud əkinləri məhv edir... Digər tərəfdən, son illərdə belə atların kəsilib mal əti adı ilə əhaliyə satılması halları da artır. İxracın artması bu halların aradan qalxmasına gətirib çıxaracaq. Bu, əslində bizim təşəbbüsümüzdür ki, təsərrüfatçı atından əlverişli şərtlərlə istifadə etsin. Yəni itkiyə yol verilməsin. Eyni zamanda atlara tələbatın artması vətəndaşları onu yetişdirməyə təşviq edəcək. At az xərc və az əmək tələb edən heyvandır, onu yetişdirmək daha asandır. Bu baxımdan, əhali görsə ki, atı baha qiymətə satmaq olur, daha çox yetişdirəcək. Bu, bazarın qanunudur ki, tələb təklifi stimullaşdırır.”
Şöbə müdiri deyir ki, hazırda cins və qeyri-cins atların elektron reyestri hazırlanır: "Bizim elektron kənd təsərrüfatı sistemimiz işə başlayıb. Bütün rayonlarda kənd təsərrüfatının inventarizasiyası aparılır. Heyvandarlıqda ilk olaraq atlardan və süni mayalanma olunmuş mal-qaradan başlamışıq.”
Dünya Sakit
qafqazinfo.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !