Azərbaycan Avropada nəhəng layihə həyata keçirəcək

16:16 | 06.03.2014
Azərbaycan Avropada nəhəng layihə həyata keçirəcək

Azərbaycan Avropada nəhəng layihə həyata keçirəcək

“Reuters” agentliyi xəbər verir

Layihənin icrası zamanı 6500 nəfər müvəqqəti, 1200 nəfər isə daimi işlə təmin ediləcək.

Monteneqroda Azərbaycan kapitalının iştirakı ilə istirahət mərkəzinin inşasına dair layihənin icrasına start verilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, “Reuters” agentliyinin verdiyi məlumata görə, layihəyə əsasən, Monteneqroda yerləşən keçmiş Kumbordakı hərbi-dəniz bazası söküləcək, yerində dəniz istirahət mərkəzi yaradılacaq.

Ümumi dəyəri 500 milyon avro həcmində olan layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azmont İnvestments” şirkəti iştirak edir. Layihə 2016-cı ilədək başa çatdırılmalıdır. Layihənin icrası zamanı 6500 nəfər müvəqqəti, 1200 nəfər isə daimi işlə təmin ediləcək.

Layihə barədə fikirlərini bildirən Monteneqronun baş naziri Milo Cukanoviç deyib ki, layihə onun ölkəsi üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2012-ci ilin iyul ayında SOCAR və Monteneqro hökuməti arasında Kumbordakı “Orijen Battalion” kazarmalarının uzunmüddətli icarəsi haqqında müqavilə imzalanıb. Sazişi Monteneqronun paytaxtı Podqoritsa şəhərində SOCAR-ın adından “Ataholdinq” ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov və bu ölkənin dayanıqlı inkişaf və turizm naziri Predraq Sekuliç imzalayıb.

90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur. Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 mln. avro, ilk 8 ilində isə 258 mln. avro sərmayə qoymağı öhdəsinə götürüb. 45 illik icarə haqqı əvvəlcədən ödəniləcək. İcarə haqqı ərazinin 1 kv. metri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq. Kurortun inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsi haqqında sənədin qəbulundan sonra təsdiqlənəcək.

Həmin vaxt açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab verməyib:

“Ona görə də SOCAR Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb”.

R.Abdullayev qeyd edib ki, SOCAR bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur:

“Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. SOCAR-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM