Azərbaycan Avropaya elektrik enerjisi satacaq

12:58 | 15.04.2014
Azərbaycan Avropaya elektrik enerjisi satacaq

Azərbaycan Avropaya elektrik enerjisi satacaq

Azərbaycanda müasir qaz-turbin tipli “Şimal” Elektrik Stansiyasının istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli “Sumqayıt” və “Cənub” elektrik stansiyalarının istifadəyə verilməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30%-ə yaxın artırıb və yeniləşdirib. Hazırda bu göstərici 7 105 meqavata çatdırılıb ki, bu da orta hesabla 24 mlrd. kVt/saat elektrik enerjisi istehsal etməyə və 2,1 mlrd. kVt/saata qədər elektrik enerjisinin ixracına imkan yaradır. APA xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, energetika sistemində izafi güc hesabına qərb-şərq və şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də Avropa, Rusiya və İran istiqamətində ötürülməsi respublika üçün çox vacibdir: “Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün “Azərenerji” ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılıb. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaq. Yüksək diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanıb”. N. Əliyev deyib ki, onun rəhbərlik etdiyi qurum ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsi, qazlaşdırılmanın 95-98%-ə çatdırılması məqsədilə təkliflər və onların əsasında inkişaf proqramları işləyib hazırlayıb. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada təşkilinin prosedur, müddət və xərclərin azalması üçün mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə bir sıra təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edib. Son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aparılan tədbirlər diqqət mərkəzindədir. Enerji resurslarından səmərəli və qənaətlə istifadə edilməsinə lazımi şəraitin yaradılması mühüm amilə çevrilir. Aparılan araşdırmalardan aydın olur ki, respublikamızda bu sahədə enerji resurslarına ümumi tələbatın təxminən 40%-inə qənaət etmək potensialı var, həmçinin bu tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcək. Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8% təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kVt/saat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalıb”. Nazir vurğulayıb ki, elektrik stansiyalarının adambaşına düşən qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır: “Bu səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 mlrd. manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksəlib 3 600 kVt/saatdan artıq olacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM