Azərbaycan bankları risk səviyyəsinə görə ən aşağı balı yığıb - "S&P Global Ratings"

17:03 | 16.02.2023
Azərbaycan bankları risk səviyyəsinə görə ən aşağı balı yığıb -

Azərbaycan bankları risk səviyyəsinə görə ən aşağı balı yığıb - "S&P Global Ratings"

Beynəlxalq "S&P Global Ratings" agentliyi Azərbaycanı bank sektoru üzrə risklərin artım səviyyəsinə görə 10 ballıq şkala üzrə 9 balla qiymətləndirilib. Bu barədə təşkilatın açıqladığı hesabatda qeyd olunub. 
 
Agentliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən olunub.  
 
Bank məsələləri üzrə ekspert və hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanın bank sistemi beynəlxalq təşkilatın verdiyi bala tam layiqdir. 
 
"Beynəlxalq təşkilatın bu qiymətləndirməsini düzgün hesab edirəm. Risklər nə qədər çoxdursa, faizlər də yüksək olacaq. Yüksək risklər fonunda kimsə gəlib ölkəyə pul da qoymayacaq, ya da qoyacaqsa ağır şərtlərlə qoymalı olacaq", - Həsənov deyib.
 
Hüquqşünas çıxış yolunu normal məhkəmə sisteminin icra olunmasında görür. 
 
"Normal məhkəmə-hüquq sistemini təmin etmək lazımdır. İlk növbədə qanunlar doğru icra olunmalıdır. O ölkədə ki, qanunlar işləmir, məhkəmələr özbaşınalıq edir, ora heç kəs gəlib pul qoymayacaq. Azərbaycanda bank sektorunda istənilən oyunbazlığı etmək olar. Mən xarici sahibkar tanıyıram ki, banka milyonlarla vəsait qoyub, bu pullarını indi nəinki çıxara bilmir, heç məlumat almaq imkanına da malik deyil", - ekspert söyləyib.
 
Bank üzrə mütəxəssis bildirir ki, Azərbaycan bankları üzərində ciddi nəzarət yoxdur. Bu da risklərin 9 balla qiymətləndirilməsinin əsas göstəricilərindən biridir. 
 
"Son 5-6 ildə necə bank müflisləşib. Səbəb isə normal nəzarətin olmamasıdır. Bir sözlə bizdə bank rəhbərləri bankları yeyib-dağıdırlar", - hüquqşünas mövzunu şərh edərkən qeyd edib.
 
Əkrəm Həsənov bu problemin səbəbi kimi Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin aşağı olması ilə də əlaqələndirir.
 
"Banklar bağlanandan sonra onların ləğv prosesi, əmlaklarının satılması, kreditlərin qaytarılması və ora pul qoyanların pulunun qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeyri-şəffaf, qanunsuz aparılır. Heç kəsə məlumat və hesabat vermirlər. Buna görə beynəlxalq təşkilat deyir ki, bu ölkəyə pul qoydun nəinki çıxarmaq, heç həmin pul barəsində məlumat ala bilmirsən", - ekspert deyib. 
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə beynəlxalq təşkilatın Azərbaycanı risklərə görə 9 balla qiymətləndirməsi investisiya qoyuluşuna hər hansı maneə yarada bilməz.

"Xarici şirkətlərin Azərbaycana investisiya qoymasından geri çəkilməsinə inanmıram. Kifayət qədər ölkəyə investisiya qoyulur. Bu yaxınlarda Milli Məclisdə "Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun qəbul etdik. Bu qanun da icazə verəcək ki, iri şirkətlər Azərbaycana yatırımlar etsin", - millət vəkili deyib.
 
Deputat Azərbaycanda bank sistemində müəyyən problemlərinin olduğunu təsdiqləyərək qeyd etdi ki, bu sahədə mütəmadi addımlar atılır. 
 
Milli Məclis 2022-ci ilin payız sessiyasında "Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun qəbul edib. Prezident İlham Əliyev ötən ilin dekabrında bu qanunu təsdiqləyib və Nazirlər Kabinetinə dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla altı ay müddətinə təsdiq edilməsi ilə bağlı vaxt verib. 
 
Həmçinin, İqtisadiyyat Nazirliyinə "Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsini tapşırıb. 
 
Qanuna əsasən, "İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək.
 
Azərbaycanda ən çox bank 2016-ci ildə devalvasiya zamanı bağlanıb. Belə ki, həmin il ölkədə 11 bank- "Atrabank”, "Bank of Azerbaijan”, "Bank Standard”, "Deka Bank”, "Gəncə Bank”, "Kredo Bank”, "Qafqaz İnkişaf Bankı”, "Para Bank”, "Texnika Bank”, "United Kredit Bank” və "Zamin Bank”-ın lisenziyaları ləğv edilib.  2017-ci ildə yalnız "Dəmir Bank” bağlanıb. 2020-ci ildə də 4 bankın - "AGBank”, "Amrah Bank”, "Atabank” və "NBC Bank”ın lisenziyası ləğv olunub. 
 
Hazırda Azərbaycanda 1 dövlət bankı və 22 kommersiya bankı fəaliyyət göstərir.
 
Gülnar Nazimqızı 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM