İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan
Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar
və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı
olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana,
həm də təcrübə müddətində yüksək nailiyyət göstərib Azərbaycan Beynəlxalq
Bankında işə qəbul oluna bilərlər.
Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun
olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından
keçərək proqramda iştirak imkanı yaradılıb.
Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək
istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər.
İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil
alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə
IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər.
Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər.
Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə
iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi
altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə
iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə
tutulub.
Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı istedadların
yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri
kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə
proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu
karyera qura bilməsinə faydalı olacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !