Azərbaycan Beynəlxalq Bankının müştərisi olan
bir qrup kiçik və orta sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib.
İşgüzar şam süfrəsi formasında təşkil olunmuş ilk belə görüşdə Bakı və Bakıətrafı
bölgələrdən 30-a yaxın sahibkar iştirak edib. İştirakçılar arasında sıx
kommunikasiya mühiti yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə
bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi,
kiçik və orta sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv
qurulması üçün müəyyən təkliflər irəli sürüblər. Sahibkarlara xidmət səviyyəsini
qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib.
Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5
ballıq sistemlə qiymətləndiriblər.
Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla
iş departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda
da davam etdiriləcəyini bildirib: "Məqsədimiz
kiçik və orta sahibkarlarla daha sıx çalışmaqdır. Məhsul və xidmətlərimizi
onlar üçün daha əlçatan etməkdir. Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri
seqmenti ilə əlaqələrimizi daha da gücləndirək. Sahibkarlara onların istəklərinə
uyğun həllər təqdim edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı
faydaları çox olacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !