"Sahibkar vaxtı” verilişini hər həftənin çərşənbə
axşamı, saat 19.05-də "ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan
Beynəlxalq Bankının, KOBİA-nın və radionun Facebook-dakı korporativ səhifələrində
canlı izləmək olar.
Verilişdə sahibkarlıq fəaliyyətinə aid
konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri
burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə
biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların
mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. "Sahibkar vaxtı”
verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist
Əli Əhmədov aparacaq.
Azərbaycan Beynəlxalq Bankının Korporativ
biznesin inkişafı departamentinin
direktoru Ülvi Qasımov bildirib: "Kiçik
və orta biznesə dəstək layihələrimiz
uğurla davam etdirilir. Getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq
Bankının yaratdığı sərfəli kreditləşmə imkanlarından yararlanır. Tərəfdaşlıq
etdiyimiz qurumlarla bu sektorun inkişafına maarifləndirici layihələrimizlə də
dəstək olmağa çalışırıq. Ümid edirik ki, "Sahibkar vaxtı” verilişi niyyətimizi
doğruldacaq, sahibkarlarımızın işinə kömək göstərəcək”.
Azərbaycan Respublikasının Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin mətbuat
katibi Vüsalə Quliyeva qeyd edib ki, sahibkarların məlumatlandırılması baxımdan
maarifləndirici verilişlər əhəmiyyətlidir: "Sahibkarlarla
mütəmadi ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri
üzrə müəyyən suallarının olduğunu görürük. Biznesin qurulması və inkişafı, bu
sahədəki yeniliklər və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması
üçün "Sahibkar vaxtı” verilişi maraqlı və faydalı bir platforma olacaqdır”.
Verilişin aparıcısı Əli Əhmədov isə
auditoriyanın bu cür verilişlərə marağının getdikcə artdığını bildirib: "Biznes mühiti inkişaf etdikcə, cəmiyyətimizdə
iqtisadi savadlılıq səviyyəsi yüksəldikcə insanlar vaxtlarını belə gərəkli
verilişlərə sərf etmək istəyirlər. Biz də maksimum çalışacağıq ki, dinləyicilərimizin
"Sahibkar vaxtı”na ayırdıqları zaman müqabilində onlara faydalı nələrsə verək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !