Bir
çox irimiqyaslı sosial layihələrdə uğurla iştirak etmiş Azərbaycan Beynəlxalq
Bankı bu ildən ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta layihəsinin
icrasına da yaxından dəstək verir.
Belə ki, icbari tibbi sığortanın
tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək
məqsədilə Azərbaycan Beynəlxalq Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi ilə birgə bank kartları buraxıb. Bu kartlar vasitəsilə tibb
müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər
Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri
nağdsız qaydada həyata keçirmək mümkündür.
Hər hansısa bank kartına sahib
olmayan şəxslər kartı Azərbaycan Beynəlxalq Bankının icbari tibbi sığorta
tətbiq edilən ərazilərdəki filial və şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim
etməklə pulsuz ala bilərlər.
"Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbinə uyğun olaraq publik
hüquqi şəxs statuslu tibb müəssisələrində nağdsız ödənişlərin aparılması üçün
Azərbaycan Beynəlxalq Bankı müvafiq layihə çərçivəsində onları lazımi sayda
POS-terminal və ödəmə terminalları ilə təchiz edib.
Vətəndaşlar tibb
müəssisələrindəki ödəmə terminalı vasitəsilə sözügedən karta vəsait
yerləşdirdikdən sonra ödənişlər POS-terminalla aparılır. Həmçinin Azərbaycan
Beynəlxalq Bankının filial və şöbələrində, "Cash in” tipli bankomatlarında,
E-manat və Azericard ödəmə terminalları və "Card to card” vasitəsilə də bu
karta vəsait mədaxil etmək mümkündür. Yaxın gələcəkdə bir sıra aptek şəbəkələri də
bu sistemə qoşulacaq. Bank kartı əhaliyə tibb sahəsində digər xüsusi
imtiyazlardan, əlavə güzəştlərdən faydalanmaq imkanı da yaradacaq.
İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev
Azərbaycanın səhiyyə sisteminin nağdsız ödənişlərə keçidində bu kartların mühüm
yenilik olduğunu qeyd edib: "Bank kartı
tibb müəssisələrində nağdsız qaydada ödənişlərin aparılmasına imkan
yaradacaq. Nağdsız hesablaşmaların
aparılması tibb müəssisələrində maliyyə dövriyyəsinin şəffaflığını artıracaq və
hesabatlılığı təmin edəcək”.
Azərbaycan
Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: "Bu bank
kartları icbari tibbi sığortanın ölkəmizdə uğurla tətbiqinə
töhfə verəcək. Səhiyyə infrastrukturu ilə əlaqəli digər sahələr də bu kartlarla
ödəniş sisteminə cəlb ediləcək. Beləliklə, bu sferada nağdsız ödənişlərdən
geniş istifadə üçün əlverişli ekosistem formalaşacaq. Vətəndaşlar bu kartlarla
ödəniş zamanı kəşbək faizləri qazanacaqlar. Bununla da tibbi xidmətə görə
xərclərinə müəyyən qənaət etmiş olacaqlar. Bütün bunlar ölkəmizdə nağdsız
ödəniş tendensiyasını genişləndirəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !