Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyətinə
dəstəyini digər istiqamətlərdə də davam etdirməkdədir. Cəmiyyətdə kiçik və orta
sahibkarın işgüzar imicinin formalaşdırılması, iş adamlarının mənəvi
motivasiyası məqsədilə bank maraqlı bir imic çarxını bu gün izləyicilərə təqdim
edib.
"Böyüməyə layiqsiniz!” devizi üzərində qurulmuş imic
çarxı uğurlu sahibkar olmaq üçün zəruri mənəvi keyfiyyətləri vurğulayır.
Sahibkar olmağın sosial məsuliyyətini, inanma və başqalarını da inandırma,
komanda qurma bacarığını diqqətə çatdırır. Eyni zamanda, biznesini böyütməyə
can atan hər bir sahibkarın zəhmət, məsuliyyət hissi, komandasının və etibarlı
tərəfdaşlarının köməyi ilə öz hədəflərinə çata biləcəyini göstərir.
İmic çarxının aşıladığı əsas ideya isə bundan ibarətdir
ki, işində uğur qazanmaq istəyən hər bir sahibkar sağlam inkişaf ekosisteminin
işlək bir parçası olmağa çalışmalıdır. Əgər həmin biznes subyekti özü də fəaliyyətini
sağlam meyarlar əsasında qurubsa, bu ekosistem onun getdikcə böyüyüb inkişaf
etməsinə şərait yaradacaq.
Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun,
kiçik və orta biznesin inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Müasir dövlət
bankı olaraq Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesdə bazar mövqelərinin
genişləndirilməsini strateji hədəflərindən elan edib. Bank bu hədəfə ölkəmizin
ayrı-ayrı regionlarında sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, məhsul və
xidmət şərtlərinin daha sərfəli edilməsi, risk mexanizmlərinin təkmilləşdirilməsi,
sahibkarlar üçün innovativ həllərin yaradılması, bu sektorda işgüzar əlaqələrin
gücləndirilməsi və digər bu kimi addımlar hesabına nail olacaq. Bu gün təqdim edilən imic çarxı
da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
İmic çarxını buradan izləmək olar: https://www.youtube.com/watch?v=uwUnQzx5V1c&feature=youtu.be
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !