Gənclərin təhsilinə, müasir çağırışlara uyğun
bilik və bacarıqlara yiyələnməsinə dəstək olan Azərbaycan Beynəlxalq Bankı bu
sahədə daha bir layihənin icrasına başlayıb. Bank "Təhsil Kartı” adlı yeni məhsulunu
təqdim edib.
Yeni kart məhsulu tələbələrin təhsil zamanı
ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan
yaradır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının "Təhsil Kartı” vasitəsilə tələbələr
öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə
istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə
haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks
olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına,
oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
"Təhsil Kartı” 5 il müddətinə təqdim
olunacaq. Azərbaycan Beynəlxalq Bankının "QayğıCash” layihəsi çərçivəsində
Bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr kəşbək
qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların
kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə "Təhsil Kartı”nın istifadə dairəsi
daha da genişləndiriləcək. Tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq
olunacaq.
Azərbaycan Beynəlxalq Bankı bu layihəni "2018–2020-ci
illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə
Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi,
MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib.
MasterCard şirkətinin
ölkə üzrə müdiri Erdem Çakar bildirib: "Bu
kartlarla hər bir tələbə nağdsız ödəniş vasitəsinə sahib olacaq. Gələcəkdə tələbələr
bu kartlarla bir çox əlavə xidmətlərdən də
faydalana biləcəklər. Bu kartlarla kafe, dəftərxana xidmətlərindən
istifadə, elektron ticarət, internet üzərindən bir çox ödənişlər aparmaq mümkün
olacaq. Tələbə kartları bir tərəfdən gənc nəslin nağdsız ödəniş ənənələrini mənimsəməsinə,
başqa tərəfdən universitetlərin birbaşa təhsil funksiyası ilə bağlı olmayan əlavə
qayğılarının azalmasına kömək edəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !