İqtisadi böhran səfərlərdən imtina etmək üçün əsas deyil.
Məmnuniyyət və qənaətlə Avropa ölkələrində mümkün olduğu kimi, MDB ölkələrində də mümkündür.
Oxu.Az xəbər verir ki, Ukraynanın "Obozrevatel" portalı böhran vaxtı səfər etməyin lazım olduğu ölkələrin TOP-10luğunu hazırlayıb və həmin dövlətlərin hansı baxımdan cəlbedici olmalarından danışıb.
Bizim ölkəmiz - Azərbaycan da bu siyahıya düşüb və Yunanıstan, Gürcüstan və Latviyadan sonra 4-cü yeri tutub.
"Bura nəyə görə böhran zamanı getmək lazımdır: Azərbaycan valyutası manat – birbaşa olaraq avronun məzənnəsindən asılıdır, Bakıdan ölkədə paytaxtdan sonra böyüklüyünə görə ikinci, memarlıq və tarixi abidələrlə zəngin olan Gəncəyə avtobusla gedişhaqqı 6 manata başa gələcək. Ən çox pul sərf edəcəyiniz mehmanxana xərcləri olacaq: paytaxtın mərkəzində iki nəfərlik nömrələr 50 manatdan başlayır”, - məqalədə deyilir.
"Nə ilə məşğul olmaq mümkündür: Böyük İpək Yolunun dayanacaqlarından biri olan bu ölkə, indi Xəzər dənizi sahilində əyləncəli və münasib qiymətə istirahət təklif edir”, - materialda qeyd edilir:
"Ən yaxşı çimərliklər Abşeron yarımadasında yerləşir, burada çimərlik mövsümü may ayından sentyabra qədər davam edir. Unikal qara torpağı İranla sərhəddə yerləşən Lənkəran ərazisində tapmaq olar. Azərbaycan memarlıq abidələri ilə də zəngindir. Məsələn: kosmopolitik Bakıda tarixi-memarlıq qoruğu İçərişəhər, Bakı akropolu və ya daxili şəhər var. Burada ölkənin 15 qədim məscidi qorunub, "Brilyant əl” filminin məşhur "Lənət şeytana!” səhnəsi də məhz burada çəkilib”.
Dünyanın ən qədim şəhərlərindən biri olan Naxçıvanda, (İncilə əsasən) Gəmisi Ararat dağlarına gələn Nuh peyğəmbərin mavzoleyi yerləşir. Ölkənin ən qonaqpərvər şəhəri Gəncədən 50 km uzaqlıqda təbiətin möcüzələrindən biri Baykala bənzəyən Göygöl yerləşir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !