Azərbaycan Cənubi Qafqazda ÜDM-in artımına görə sonuncudur - Dünya Bankı

18:13 | 29.01.2024
Azərbaycan Cənubi Qafqazda ÜDM-in artımına görə sonuncudur - Dünya Bankı

Azərbaycan Cənubi Qafqazda ÜDM-in artımına görə sonuncudur - Dünya Bankı

Azərbaycan Ümumi Daxili Məhsulun (ÜDM) illik artım tempinə görə, Cənubi Qafqazda sonuncu yerdə qərarlaşıb. Bu barədə məlumat Dünya Bankının hesabatında göstərilib.
 
Hesabata görə, 2023-cü ildə ÜDM-in illik artım faizi Azərbaycanda 1,5%, Ermənistanda 7,1% , Gürcüstanda isə 6,5% olub.
 
Eyni zamanda hesabatda, 2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 2,5%, Ermənistan və Gürcüstanda 4,5% olacağı  proqnozlaşdırılır.
 

 
Azərbaycanın nədən regionda sonuncu olduğuna izah verən deputat Vüqar Bayramov qeyd edir ki, neft sektorunda hasilatın azalması birmənalı şəkildə ÜDM-dəki artıma təsir göstərib.
 
"ÜDM-dəki artımı faiz və dəyər nisbətində qruplaşdırsaq,  böyük nisbətə malik olan region dövlətlərində adətən dəyər ifadəsinin artımı daha çox olsa da, faiz  ifadəsində yüksək artımlar qeydə alınmır. Nisbətən kiçik iqtisadiyyata malik olan ölkələrdə ÜDM-in artım faizi daha yüksək ola bilir. Cənubi Qafqaz ölkələrində ÜDM-in payına baxsaq, Azərbaycan daha çox paya malikdir. Cənubi Qafqaz ÜDM-inin 65%-i Azərbaycanın payına düşür. 2023-cü ildə ÜDM-dəki artım qeyri-neft sektorunun hesabına baş verdi. Qeyri-neft sektorundakı artım təxminən 1%-lik artımın yaranmasına imkan yaratdı. Bu həm də növbəti illər üçün bir mesajdır. Bu ondan xəbər verir ki, növbəti illərdə xüsusən ÜDM-də neft sektorunun payının  azaldılması, qeyri-neft sektorundakı payının artırılması ilə bağlı işlərin sürətləndirilməsinə ehtiyac var. Qeyri-neft sektoru ÜDM-dəki artımın lokomotivinə çevrilib, eyni zamanda qeyri-neft sektorunun ÜDM strukturunda payının artırılması çox vacibdir. Faiz etibarilə iqtisadiyyatda inkişafa nail olmaq üçün qeyri-neft sektorununun inkişafı ilə bağlı islahatların dərinləşməsi, iqtisadiyyatın ağardılması, bu kontekstə qeyri-neft sektorunun ÜDM-dəki payının artırılmasına ehtiyac var”, - deputat bildirib. 
 
İqtisadçı Natiq Cəfərli bildirir ki, ÜDM-in artım tempinin aşağı düşməsinin əsas obyektiv səbəbi neftin qiymətinin aşağı düşməsi və neft hasilatının azalmasıdır.
 
"Son 20 ili götürsək, 2000-ci illərin ortalarında Azərbaycanda çox yüksək ÜDM artım tepmi var idi. ÜDM çox fantastik dərəcədə artırdı, sürət çox yüksək idi. 2015-ci ilin devalvasiyasından sonra sürət aşağı düşdü. Rəsmi rəqəmlərə görə, Azərbaycanda 2023-cü ildə 1,5% ÜDM artımı oldu. Əsas obyektiv səbəb neft sektoru ilə bağlıdır. Bu da iqtisadi parametrlərə, göstəricilərə mənfi təsir göstərib. Bu həm də onu sübut edir ki, Azərbaycanda qeyri-neft sektoru istənilən səviyyədə inkişaf etməyib. Yəni, neft hasilatı azaldıqca, qeyri-neft sektoru güclü inkişaf etməlidir”, - iqtisadçı qeyd edib.
 
Onun sözlərinə görə,  Ermənistan və Gürcüstanda vəziyyətin son vaxtlar daha yaxşı olmasının subyektiv səbəbləri var.

"Bu tək onların iqtisadiyyatlarının daha dayanıqlı olması ilə yox,  daha çox Rusiya ilə əlaqəlidir. Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə ciddi kömək edir. Orada qeyri-təbii artım var. 2022-ci ildən bəri Rusiya ilə ticarət dövrüyələri 3,7 dəfə artıb, yəni 6 milyarda dollara çatacaq. Keçən ilin sonunda bu 5 milyard dolları keçmişdi. Bu çox böyük rəqəmdi. Heç vaxt Ermənistanda belə rəqəmlər olmayıb, deməli bu qeyri-təbiidir. Rusiyanın sanksiyalardan yan keçməyinə kömək edir, bunun əvəzində Ermənistan əlavə pul qazanır. Bu da ÜDM artımına müsbət təsir göstərir. Bir tək bu  deyil. Məsələn, Gürcüstanı götürsək, orada islahatlar var, vergilər aşağıdır, kiçik biznes üçün daha yaxşı şərait var. Kiçik sahibkarlar daha rahat şəraitdə çalışa bilir. Bütün bunlar iqtisadi aktivliyə müsbət təsir göstərir. Bizdə isə əksinə mikrosahibkarların bu ildən vergisini artırmaq istəyirlər. Bu doğru deyil. Gürcüstanda mikrosahibkar 1% vergi verir, bizdə isə 5%-dən 20%-ə qaldırıblar. Bu iqtisadi aktivliyə mənfi təsir göstərir. Azərbaycanla bağlı digər səbəb isə quru sərhədlərin bağlı olmasıdır. Həm Ermənistan, həm Gürcüstanda quru sərhədlər açıqdır və bu iqtisadi aktivliyə müsbət təsir edir.  Azərbaycanda artıq 4-cü ilə keçir ki, quru sərhədlər bağlıdır. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərən amildir", -  Cəfərli vurğulayıb.
 
İqtisadçı hesab edir ki, iqtisadi aktivliyi artırmaq üçün ilk olaraq quru sərhədlərin açımaq, sərhədyanı ticarəti yenidən dirçəltmək lazımdır. 
 
"Fundamental olaraq iqtisadi aktivliyi stimullaşdıran addımlara - yeni vergi siyasəti, qanunvericilik, inzibati maneələrin aradan qaldırılması və quru sərhədlərin açılmasına ehtiyac var. Vergilər azaldılmalı, iqtisadi azadlıqlar artırılmalıdır ki, vətəndaşlar daha çox özləri pul qazanmağa başlasınlar. Onlar özləri pul qazanmağa başlasalar, iqtisadiyyatın artımına da töhfə verəcəklər”, - vurğulayıb.
 
İstiqamət: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM