Azərbaycan cinayət indeksində geriləyib - Ekspertlər səbəbini açıqlayır

13:05 | 09.02.2024
Azərbaycan cinayət indeksində geriləyib - Ekspertlər  səbəbini açıqlayır

Azərbaycan cinayət indeksində geriləyib - Ekspertlər səbəbini açıqlayır

Azərbaycan Cənubi Qafqaz üzrə cinayət indeksində 146 ölkə arasında 114-cü yerdə qərarlaşıb. 2022-ci il Azərbaycan bu statistika üzrə 111-ci yerdə olub. Qonşu ölkələr Gürcüstan 127-ci, Ermənistan isə 139-cu yerdə qərarlaşıb.  Bu barədə "Numbeo” analitik informasiya təşkilatının son hesabatında bildirilib. 

Milli Məclisin Təhlükəsizlik komitəsinin sədr müavini Hikmət Babaoğlu hesab edir ki, bu hesabatı təqdim edən təşkilat özü geridə qalıb.
 
"Hesabatın hazırlanmasında qərəz var. Bu kimi təşkilatlar Azərbaycan kimi ölkələrə böhtan atmaqda maraqlıdırlar. Onların əsas işi bizim kimi ölkələri aşağılamaq, geridəqalmış mövqeyini göstərməyə cəhd etməlidir. Bu rəqəmlər,faktlar doğru deyil. Hesab edirəm ki, bu cür təşkilatların hesabatını da ciddiyə almaq olmaz. Azərbaycan təhlükəsiz ölkədir", - Babaoğlu söyləyib. 
 
Hüquq müdafiəçisi Rüfət Səfərov düşünür ki, cinayətlərin artma səbəbləri ölkədəki ağır-sosial iqtisadi durumla bağlıdır. 
 
"Struktura diqqət etsək görərik ki, iqtisadi cinayətkarlıq da artım var. Belə durumun yaranması işsizlik və yoxsulluqla bağlıdır. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında iqtisadi sahədə olan cinayətlər törədən şəxslərin hesabına sıxlıq yaranıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artmasında, bu sahədə cinayətlərin çoxalmasında da resublikada sosial-iqtisadi durumun payı var.Cinayət məsuliyyətinin prinsiplərinin bir çox hallarda pozulması, əsassız təqib və ittihamlar da vəziyyəti ağırlaşdırıb. Azərbaycanda 300-ə yaxın siyasi məhbus var. Bizə bəlli olmayan, ictimailəşdirmənin tərəfdarı olmayan xeyli insan var ki, qanunsuz cinayət mühakimə icraatının qurbanı kimi cəza çəkir. Azadlığa çıxan keçmiş məhkumların cəmiyyətə inteqrasiyası istiqamətində qanunvericilik və proqramlar real xarakter daşımır. Məşğulluğun olmaması, işsizlik problemi və s. şəxsləri yenidən cəza evlərinə yollayır.

Səfərov hesab edir ki, xuliqanlıq kimi hadisələr də artıb ki, bu da insanlar arasında psixoloji gərginliklə əlaqədardır. 
 
Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Elman Nəsirov bildirir ki, dünyanın ən aparıcı təşkilatı BMT öz qətnamələrini icra edə bilmirsə ayrı-ayrı təşkilatlardan doğru mövqe gözləməyə ehtiyac yoxdur. 
 
"Bu qərəzli hesabatlar bir mərkəzdən idarə olunur. Əgər beynəlxalq təşkilatlar hələ də Azərbaycanı yox, ermənistanı dəstəkləyən mövqe göstərirsə, deməli onların hesabatlarının nəticəsi də aydındır. 6 dəfə Brüsseldə olmuşam. Sonuncu getdiyimizdə bizə bildirdilər ki, saat 10-dan sonra çölə çıxmamağımız tövsüyə olunur. Səbəb isə şəhərdə təhlükəsizlik təmin olunmur. NATO-nun paytaxıntda belə bir vəziyyətin olması nəyin göstəricisidir göz qabağındadır. Təsəvvür edin orada hər an hücumla qarşılaşa bilərsən. Azərbaycanda isə səhərə kimi təhlükəsiz gəzmək olur. Əksinə biz reytinqlərdə daha yüksəkdə olmalıyıq, amma qərəzdən irəli gələn münasibətlər buna icazə vermir", - Nəsirov vurğulayıb. 
 
Təhlükəsizlik məsələləri üzrə ekspert, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun deyir ki, bu  statistika dövlətlərin birbaşa özündən alındığı üçün səhv olma ehtimalı sıfıra bərabərdir. 
 
"Statistikanı ötən bir neçə illə müqayisə etdim. Doğurdan da Azərbaycanın vəziyyəti bu göstəricilərdə pisləşib. Bunun əsasən 3 səbəbi var. Birinci əhalinin iqtisadi-sosial vəziyyətinin aşağı olmasıdır, hansı ki, həmin statistikada Azərbaycan həyatın bahalılığına görə, yaxşı yerlərdən birini tutmur. Hansı ölkələrdə ki, yoxsulluq mövcuddur həmin ölkələrdə cinayət statistikası yüksək olur. İkinci səbəb hüquq-mühafizə orqanlarının zəif işləməsi bu amilləri artırırır. Bizim ölkədə bir çox cinayətlər qeydə alınmır. Vətəndaş polisə yaxınlaşır, cavabında isə ona bildirilir ki, "taparıq", "gətirərik", "cəzalandırarıq", bir sözlə vətəndaşı yola verməklə cinayət qeydə alınmasından yayınma halları baş verir. Əslində Azərbaycandakı vəziyyət orada qeyd olunan statistikadan daha acınacaqlıdır", - Oruclu bildirib. 
 
Ekspert hesab edir ki, bu statistikaya qərəzli yanaşanlar sadəcə biliksizdirlər.  
 
"Bu bir az gülünc və savadsızlıqdan irəli gələn yanaşmadır. Bu təşkilatların nə siyasətə, nə də hansısa bir qütbə aiddiyatı yoxdur. Həmin statistikada Amerika, Avropa Birliyi ölkələri də cinayət indeksində yüksək yerdə dayanır. Bu o demək deyil ki, onlara da münasibət qərəzidir", - Ərəstun Oruclu söyləyib. 
 
Azərbaycanda 2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36.811 cinayət qeydə alınıb(2022-ci il bu rəqəm 36,494 olub) , onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34.783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, xuliqanlıqların 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsini qaçırmaların 97,2, dələduzluqların 92,1 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri isə 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib. 
 
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM