Azərbaycan dəmiryolunda niyə sürət artırılmır?

16:25 | 03.05.2014
Azərbaycan dəmiryolunda niyə sürət artırılmır?

Azərbaycan dəmiryolunda niyə sürət artırılmır?

Dəmiryolu bütün zamanlarda etibarlı, fasiləsiz, təhlükəsiz və bütün iqlimlərə uyğun və möhkəm bir nəqliyyat növü olmaqla yanaşı, həm də yaxşı ekoloji gostəricilərə malikdir. ANS PRESS-in verdiyi məlumata görə, dəmiryolundan istifadə etmək nəqliyyatın səmərəliliyini artırır desək, yanılmarıq. Lakin buna baxmayaraq müşahidələr göstərir ki, Azərbaycanda respublika daxilində dəmir yollarından istifadə edənlərin sayı son illər kəskin dərəcədə, iki dəfə azalıb. Məsələn, əgər 2008-ci ildə dəmiryolu nəqliyyatı xidmətlərindən respublika daxilində 5,8 milyon nəfər istifadə etmişdisə, 2012-ci ildə bu rəqəm 2,1 milyon nəfərə enib. Elə bu müddət ərzində respublika daxilində avtonəqliyyatdan, o cümlədən şəhərlərarası avtobuslardan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb. Ölkənin daxili aviareyslərindən istifadə edən sərnişinlərin də sayında artım nəzərə çarpır. Görəsən, bu vəziyyət nə ilə izah olunur?İnkişaf etmiş ölkələrdə, dəmiryolu nəqliyyatı şəbəkələri qatarların sürət həddinin artırılmasına nail olduğu halda, bizim qatarlar hələ də ötən əsrin sürəti ilə hərəkət edir. Yalnız bir balaca fərq ondadır ki, vaxtı ilə kömürlə işləyən parovozların hərəkəti ilə saatların dəqiqliyini yoxlamaq mümkün idi. İndi isə qatarların gecikməsi, ya da qrafikdən çıxması nadir hal deyil. Lakin müasir dünyamızda belə sürəti olan qatarları dəbdəbəli hesab etmək olmaz. Bundan əlavə isə, biz heç qatarların vaqonlarda olan şəraitindən , dırnaqarası komfortundan da danışmaq istəmirik. Elə bu səbəblər də dəmir yollarından istifadə etmək istəyən sərnişinlərin sayının azalmasına gətirib çıxarır. Lakin ölkəmizdəki demoqrafik yüksəliş gec-tez dəmir yollarında olan problemləri aradan götürməyi tələb edir və bu dəyişiklik nə qədər tez baş verərsə, bir o qədər səmərəli və faydalı olar. Bir çox inkişaf etmiş ölkələrdə dəmir yolu nəqliyyatı vasitələri sərnişin daşınmasında digər nəqliyyat növlərini üstələyir. Bütün bunlara nəzər yetirəndə, haqlı olaraq fikirləşirsən ki, bizim dəmir yollarınin da inkişaf etmək üçün bütün labüd imkanları var. Bunu isə etmək üçün sadəcə istək lazımdır.Bu gün Avropa ölkələrində sürət qatarlarının ən aşağı sürəti saatda 200 km-dir. Əgər bizim də dəmir yollarınin və nəqliyyatının belə imkanları olarsa, o zaman biz respublikamızın ən ucqar nöqtəsinə bir neçə saat ərzində rahat çata bilərik. Təsəvvür edin ki, qatara oturub, 2 saatdan sonra Gəncəyə və ya Lənkərana çatırsınız. Bu, həm də vətəndaşlarımızın həftənin istirahət və bayram günlərində respublikamızın günü-gündən gözəlləşən şəhər və rayonlarında, rəngarəng təbiətinin qoynunda istirahət etməsinə imkan yaradar. Bu faktor isə özlüyündə regionlarda sosial-iqtiüsadi inkişafa, turizmin inkişafına təkan vermiş olar.Ölkəmizin dəmir yollarında olan bügünkü vəziyyətə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədovla görüşüb söhbət etdik. Nadir Azməmmədov bildirdi ki, bunun səbəbləri müxtəlifdir. "Regionlarda yeni aeroportlar açılıb, Avropa standartlarına uyğunlaşmaq üçün yolların yenidən qurulması yönümündə böyük işlər görülüb. Sərnişinlərin daşınması üçün daha sürətli və rahat avtobuslar reyslərə buraxılıb. Bəli, bizim qatarların sürəti hələ ki, çox aşağıdır. Qatarlar adətən gecə yola düşür, səhər isə sabah erkən və ya günorta müəyyən olunan ünvana çatır. Əvəllər bizim qatarlar adətən təyinat yerinə, ünvanına gecələr yetişirdi, xidməti iş üçün ezamiyyətə yola çıxan sərnişin isə getdiyi ünvanda yataqxanada gecələmək problemi ilə rastlaşırdı".Qatarların gecikməsinə aydınlıq gətirən N.Azməmmədov onu da qeyd etdi ki, parklardakı vaqonlar çox köhnəlib. SSRİ dağılan vaxt biz mümkün qədər əmlak əldə etdik. Lakin ötən zaman kəsiyində dəmir yolları köhnəldi. Bu da qatarların hərəkət sürətinin azalmasına gətirib çıxardı, ona görə biz bu gün zamanla uzlaşa bilmirik. Hazırda 2010-2014-cü illərdə Azərbaycan dəmir yollarının inkişafı üçün nəzərdə tutulan dövlət proqramı çərçivəsində vaqon və lokomotiv parkının yenilənməsi, yolların əsaslı təmiri, elektrik enerjisi təchizatı, siqnalizasiya və rabitə təsərrüfatı , Bakı-Böyük Kəsik istiqamətində dəyişən cərəyandan daimi cərəyana keçid, texniki avadanlıqların modernləşdirilməsi sahəsində və digər mühüm vəzifələrin yerinə yetirilməsi istiqamətində addımlar atırıq. Bakıdan Böyük-Kəsikə qədər olan 505 km yolun 317 km-i əsaslı təmir olunub. Dəmir yolunun istifadəsində olan 590 km yolun təmirinə isə bu ilin ikinci yarısında başlayacağıq. Hazırda Böyük Kəsikdən Gəncəyə qədər olan yol kəsiyində yarımstansiyanın tikintisi də davam edir. Sürətin artırılmasına imkan verən şərtlərdən biri də kompüter vasitəsilə qatarların hərəkətinə nəzarət edəcək siqnalizasiya və rabitə sistemlərinin yenilənməsidir. Təsəvvür edin ki, pult arxasında əyləşən dispetçer təkərlərin həddindən artıq qızması və ya hər hansı digər nasazlıqdan xəbərdar olacaq".Kömpyüterlə nəzərdə tutulan sistemin işlənməsinə nə vaxt başlanacağı haqqında sualımızı cavablandıran N.Azməmmədov bildirdi ki, yüksək sürətə ancaq 2015-ci ildə keçə biləcəklər. Bu vaxt ərzində Bakı-Tbilisi -Ahalkalaki xətti də istifadəyə veriləcək. Həmin xətlərdə qatarların hərəkət sürəti 140 km-ə çatacaq. Dəmir yollarının modernləşməsi məqsədi ilıə köhnə relslər 800 metrlik reslərlə əvəz olunur. N.Azməmmədov onu da qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncədəki vaqon deposu bazasının əsasında yeni müasir vaqonların istehsalı üçün yeni zavodun tikilməsi də nəzərdə tutulub. Bizim Qafqaz regionunda hələ ki, belə zavod yoxdur. Belə çıxır ki, biz istehsal etdiyimiz vaqonları həm də başqa ölkələrə sata biləcəyik, həm də vaqonların təmirindən mənfəət əldə edəcəyik. Nəzərdə tutduğumuz həmin zavodun tikintisini İsveçrənin "Stadler Rail Group" şirkətinin iştirakı ilə həyata keçirmək istəyirik. Aparılan danışıqlar nəticəsində yataq və oturaq sərnişin vaqonlarını istehsal edən Müştərək Müəssisənin yaradılması planlaşdırılır. Eyni zamanda “Stadler Rail Group" şirkətindən 2015-ci ildə beynəlxalq standartlara cavab verən 30 sərnişin vaqonunun alınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-i Nəqliyyat Nazirliyinə müraciət etmişik. Həmin qatarlarda vaqon təkər cütlərinin eninə bazasının avtomatik hərəkəti üçün 1520 mm-dən 1435 mm-ə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılacaq. Bu da Türkiyə ərazisinə keçərkən, həmin dəmir yollarından rahat istifadə etmək imkanı yaradan bir xüsussiyyətdir. Müasir yollarda hərəkət üçün 50 ədəd yeni lokamativin alınması da nəzərdə tutulub".“Azərbaycan Dəmir Yolları” QSC-inin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov söhbətimizə belə yekun vurdu: “Biz Finlandiyadan başlayaraq gəlib Azərbaycan üzərindən keçməklə, İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindən keçərək, Hindistana gədər çatan dəmir yolun çəkilməsi məqsədi ilə Rusiya, İran və Hindistanla müzakirələr aparmışıq. Yəqin ki, gələcəkdə bu danışıqlar da öz bəhrəsini verəcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti