Azərbaycan dilinin yeni orfoqrafiya normalarında alınma sözlərin yazılış qaydası müəyyənləşib

11:08 | 20.04.2019
Azərbaycan dilinin yeni orfoqrafiya normalarında alınma sözlərin yazılış qaydası müəyyənləşib

Azərbaycan dilinin yeni orfoqrafiya normalarında alınma sözlərin yazılış qaydası müəyyənləşib

Alınma sözlərdə sait və sammitlərin yazılışı qaydası müəyyənləşib.


ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda əksini tapıb.


Beləliklə, tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, pro­fes­sor, solist, velosiped və s.

İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir,  müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.  Mühüm, müşkül  və üfüq sözlərindəki ikinci heca isə ü hərfi ilə yazılır. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.


Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:


- aksiom, anket, ap­tek, atmosfer, diaqram, diaspor, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, ma­şın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır;


- Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.


- botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika,  poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.


Mənbə dildə birhecalı sözlər iki cür yazılır:


- iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir,  şəkil, zehin və s.;


- bir saitlə yazılanlar: cəbr, əmr,  həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.


Alınma sözlərdə samitlərin yazılışına gəlincə, rus dilində tərkibində ц hərfi olan alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür:


- ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s. (Metso, vitse morfemləri və blits, ratsiya  və s. sözlər istisnadır);


- xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov  və s.) yazılır.


Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:


- sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.;


- ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.


H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.


Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.


-iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.


Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.


Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.


Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.


Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.


Qeyd edək ki, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar ləğv edilən Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları”nda alınma sözlərdə sait və sammitlərin yazılışı qaydası əksini tapmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti