Politoloq Vəfa Quluzadə yaranmış vəziyyəti heç də Azərbaycanın şansı hesab etmir: “Mən yenə o fikirdəyəm ki, cəbhədə təxribatı törədən Rusiya oldu. Rusiya üçün orda böyük bir hadisə lazım idi ki, prezidentləri öz yanına - Soçiyə dəvət etsin. Əgər Azərbaycan torpaqlarını azad etməyə qərar vermiş olsaydı, savaş davam edəcəkdi, Soçi görüşü olmayacaqdı və geniş miqyaslı müharibə baş verəcəkdi. Azərbaycan onda gərək bu təxribatdan sonra ermənilərin bütün nöqtələrinə zərbə endirəydi. Ancaq Azərbaycan bunu etmədi. Çünki Ermənistan Rusiyanın əlində bir oyuncaqdır. Biz bu oyuncaqla müharibə edə, onu darmadağın edə bilmərik. Çünki arxasında nüvə dövləti olan nəhəng Rusiya var. Rusiya olmasaydı, bu oyuncaq bizim torpaqlarımızda otura bilməzdi. Baxın, Rusiya azğınlıq edir, ancaq NATO Rusiya ilə müharibəyə girişmir. Ona görə də bu, Azərbaycanın şansı deyildi”.
V.Quluzadə Azərbaycanda müharibəyə çağırış edənləri iki kateqoriyaya bölməyin tərəfdarıdır: “Əhali artıq 22 ildir torpaqların azadlığını gözləməkdən bezib. Mən bu gün Mərdəkanda bir qaçqınla danışmışam. Soruşurdu ki, Vəfa müəllim, bu vəziyyət nə qədər davam edəcək, bizim gözəl torpaqlarımız, meşələrimiz, dağlarımız nə vaxt azad olunacaq? Adamın ürəyi ağrıyır. Bəli, xalq istəyir ki, biz gedək torpaqları azad edək. Ancaq burda başqaları da var. Söhbət Rusiyanın xeyrinə işləyən 5-ci kolondan gedir. Onlar da istəyir ki, gedib müharibə edək, uduzaq, darmadağın olaq. Ona görə də məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Bu, Rusiyanın təxribatı idi və Soçi görüşünü təşkil etmək üçün törədilən, Azərbaycanı hədələmək üçün düşünülmüşdü”.![](/file/pic/xeber/2014-08-22/56070.jpg)
Hərbi ekspert Azad İsazadə deyir ki, torpaqları azad etmək üçün fürsət həmişə var: “Biz hər bir məqamdan istifadə etməliyik, amma təbii ki, hazırlıqlı olmalıyıq. Texniki-hərbi baxımdan hazırıq. Söhbət siyasi vəziyyətdən gedir. Hərbi əməliyyatlara qərar veriləcəyi halda siyasi təzyiqlərlə rastlaşacağımız qaçılmazdır. Ukraynadakı vəziyyət Cənubi Qafqazdakı proseslərin diqqətdən uzaqlaşmasına gətirib çıxarıb. O mənada atəşkəsin ciddi şəkildə pozulduğu günlərdə məqamdan istifadə etmək olardı. Amma gördüyünüz kimi, Rusiya o saat Soçi görüşünü keçirdi və vəziyyəti nəzarətə almağa nail oldu”.
A.İsazadə bu qənaətdədir ki, hərbi əməliyyatlar başlayacağı halda ən uzağı bir həftə-10 günə yekunlaşmalıdır. Çünki bu müddətdən sonra Azərbaycan ciddi təzyiqlərlə üz-üzə qala bilər: “Deməli, nə ediriksə, bir həftəyə etməliyik. Bu dəfə gərginlikdən sonra Azərbaycan ağır texnika və artilleriyanı cəbhəyə daşıdı. Deməli, Bakı hansısa əməliyyat və ya savaşa başlamağı planlaşdırmamışdı. Təyyarələri də havaya qaldırdılar, ancaq atəş açmadı. Bununla demək istədilər ki, sadəcə, vəziyyəti sabitləşdirmək və ermənilərin hansısa hücumunun qarşısını almaq istəyirlər. Belə məqamlar periodik olacaq və biz düşmənə cavab verməyə hazırıq. Amma əvvəlcədən siyasi baxımdan hazırlıqlı olmalıyıq ki, beynəlxalq təzyiqlər qarşısında qalmayaq”.Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov savaşa başlamaq üçün şansın yarandığı qənaətindədir: “Atəşkəsin ciddi şəkildə pozulması nəticəsində çoxlu şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. O günlərdə Müdafiə Nazirliyinin məsələyə sərt reaksiyası, hərbi qüvvələrin cəbhə xəttində cəmlənməsi və düşmənə layiqincə cavab verməsi, ermənilərin də böyük itkilərə məruz qalması cəmiyyətdə böyük yüksəkliyinə səbəb olmuşdu. Hesab olunurdu ki, Azərbaycan nəhayət, torpaqlarını azad etməyə başlayacaq. Çünki ermənilər öz xəbis niyyətlərindən əl çəkmirlər. Ölkə rəhbərliyi başda olmaqla Ermənistan hər cür alçaq addımlara gedirlər.
Biz Qarabağ döyüşçüləri olaraq Ali Baş Komandana və müdafiə nazirinə müraciət etdik ki, müharibə insanları, təcrübə qazanmış şəxslər olaraq hər zaman silaha sarılmağa, torpaqlarımızı işğaldan təmizləyərək qalib, azad ölkənin vətəndaşları adını daşımağa, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağa hazırıq. Ona görə də yetər ki, müharibə əmri verilsin və biz də Azərbaycan torpaqlarının azadlığı uğrunda əməliyyatların iştirakçısı olaq”. E.Əsədov yenə də danışıqlar prosesinə gedilməsi barədə qərarın verilməsindən təəssüfünü ifadə etdi: “Bu da açığı, bizdə ruh düşkünlüyü yaratdı. Bizi narahat edən bir məsələ var, indiki vəziyyət nə qədər davam edə bilər? Düşmən sülh yolu ilə mənfur niyyətindən əl çəkməyəcək, torpaqları azad etməyəcək. Ona görə də biz növbəti şansı əldən qaçırdıq. Yaxın Şərqdə baş verən proseslər, Rusiya-Ukrayna gərginliyi, İraqdakı İŞİD məsələsi, kürd dövlətinin yaradılması istiqamətində addımlara edilən yardımlar, İsrail-Fələstin gərginliyi bizə də situasiyadan bəhrələnib torpaqlarımızı azad etmək şansı vermişdi. Amma nə vaxt ki, Azərbaycan dövləti savaş qərarı verəcək, başda müharibə veteranları olmaqla xalqımız torpaqlarını azad etməyə hazırdır”. Keçmiş döyüşçü bildirdi ki, ona çoxlu sayda əlillər müraciət edərək savaşa hazır olduqlarını, cəbhəyə getmək istədiklərini bildiriblər: “Deyirlər ki, xahiş edirik bizim də adımızı siyahıya yazın, kənarda qalmayaq. Şəxsən mən protezlə gəzməyimə baxmayaraq, normal gəzə bilirəm. Odur ki, hər an döyüşə getməyə, əsgər və zabitlərimizlə birgə səngərdə olmağa hazıram”. ANN.Az